Köln şəhərindəki Azərbaycan Evində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Almaniya Azərbaycanlıları Alyansı və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Köln şəhərində və ətraf şəhərlərdə yaşayan azərbaycanlı icmasının nümayəndələri iştirak edib.
Dahi şəxsiyyətin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev ulu öndərin ölkəmizin dövlət tarixində açdığı parlaq səhifə və yaratdığı dövlətçilik prinsip və ənənələri, diaspor siyasətinin əyilməz sütunlarının qurucusu kimi fəaliyyəti barədə ətraflı danışıb.
Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbərliyi və digər çıxış edənlər bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini bir daha yada salıblar.
Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən Köln Azərbaycan Evində hazırda yeniyetmə və gənc soydaşlarımıza Azərbaycan dili və ədəbiyyatı tədris edilir.