Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Polşaya səfəri başlayıb.
“Diaspornews.az” xəbər verir ki, Komitə sədri Varşavada fəaliyyət göstərən Azərbaycan Evində olub.
Azərbaycan icmasının nümayəndələri ilə söhbət zamanı xaricdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə Komitənin hər zaman dəstək verməyə hazır olduğunu bildirib, onların həmrəyliyinin təmin olunması məqsədilə Azərbaycan evlərinin sayının artırılmasının önəmi, mövcud evlərin fəaliyyəti, Komitənin həyata keçirdiyi layihələr, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumat verib.
Səfər çərçivəsində Komitə sədri Polşa Respublikası xarici işlər nazirinin müavini Henrika Moscicka-Dedis ilə görüşüb.
Nazir müavini Polşa ilə Azərbaycan arasında çoxəsrlik dostluq və əməkdaşlıq münasibətlərinin zamanla daha da möhkəmlənəcəyinə ümidvar olduğunu və bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan icmasının Polşa cəmiyyətinə inteqrasiyasının yüksək səviyyədə olduğunu bildirib.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.
Komitə sədri Polşa Respublikası Senatının Emiqrasiya və Xaricdə Yaşayan Polyaklarla Əlaqələr Komitəsinin sədri Boqdan Boruseviç ilə də görüşüb.
Boqdan Boruseviç Azərbaycanla Polşa arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini bildirib və Komitənin fəaliyyəti barədə danışıb.
Dövlət Komitəsinin sədri Komitənin fəaliyyəti, Polşada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, bu ölkənin iqtisadiyyatına verdiyi töhfə, diaspor təşkilatlarının səmərəli fəaliyyəti üçün yaradılmış imkanlar, paytaxt Varşavada fəaliyyət göstərən Azərbaycan Evi, eləcə də yaxın günlərdə Krakov şəhərində açılacaq ikinci Azərbaycan Evi barədə ətraflı məlumat verib.
Bu evlərdə çoxsaylı mədəni tədbirlərin keçirildiyi, dil kurslarının fəaliyyət göstərdiyi bildirilib. Azərbaycanda polyak icması üçün yaradılmış şəraitə toxunan Komitə sədri polyakların Azərbaycan cəmiyyətinə tam inteqrasiya etdiyini, Azərbaycanın regionda və dünyada sülh və əmin-amanlığı dəstəkləyən tolerant dövlət olduğunu, İkinci Qarabağ müharibəsindən sonra Ermənistana sülh təklif etdiyini vurğulayıb.