Oktyabrın 23-də Rusiyanın Krasnoyarsk şəhərində yaşayan soydaşlarımız ənənəvi Nar bayramını qeyd ediblər. “Diaspornew.az” xəbər verir ki, tədbir Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) yerli nümayəndəliyi tərəfindən Krasnoyarsk diyarının qubernatorunun İctimaiyyətlə əlaqələr şöbəsinin və Xalqlar Dostluğu Evinin təşkilati dəstəyi ilə keçirilib.
Tədbirdə Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının rəhbərliyi, RATİ-nin yerli nümayəndəliyinin üzvləri, yerli rəsmilər, digər ictimai birliklərin rəhbərləri, KİV nümayəndələri, azərbaycanlılar iştirak edib.
Krasnoyarsk şəhərindəki Əmək və Anlaşma Sarayında keçirilən bayram çərçivəsində Azərbaycan xalqının ədəbiyyatı, milli geyimləri, dekorativ-tətbiqi sənət əşyaları, nardan hazırlanmış ənənəvi milli mətbəxin nümunələrindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin keçirildiyi səhnə isə milli xalçalar, narla dolu toxunma səbətlər və bannerlərlə bəzədilib. Bayram şənliyində Nar Qız və Dərvişlə birlikdə dəvət olunmuş “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı müğənnilər çıxış edib. Uşaqlar arasında ən yaxşı yaradıcılıq işləri üzrə müsabiqələr və əyləncəli viktorina təşkil olunub. Sonda nara həsr olunmuş uşaq rəsm sərgisinin qalibləri mükafatlandırılıb, bayram iştirakçılarına hədiyyə dəstləri paylanıb.
Xatırladaq ki, Nar bayramı ənənəvi olaraq Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovun maliyyə dəstəyi ilə keçirilir.