image-2000x150
image-22_41_30_16802747914865339613_367x266backend

Küveyt mediası 31 mart soyqırımı ilə bağlı Azərbaycan XİN-in bəyanatını dərc edib

image-768x150

Küveytin aparıcı media orqanları Azərbaycan Xarici İşlər Nazirliyinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatını dərc edib.
AZƏRTAC ölkəmizin Küveytdəki səfirliyinə istinadla xəbər verir ki, “Dasmannews”, “Zawaya” və “q8-Press” qəzet və portallarında bəyanatın ərəb dilində tam mətni təqdim edilib. Küveytli oxucuların diqqətinə çatdırılıb ki, 105 il əvvəl, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində on minlərlə dinc azərbaycanlıya qarşı amansız qətliamlar həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16 mindən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.
Küveyt ictimaiyyətinə məlumat verilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra hökumət tərəfindən ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası təsis edilib. Komissiyanın fəaliyyəti nəticəsində sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub. Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan bu ilk addımın davam etdirilməsi Azərbaycan Respublikasının sovet ordusu tərəfindən işğalı səbəbindən yarımçıq qalıb.
Hadisələrə adekvat siyasi qiymətin verilməsi məsələsi Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanması ilə həllini tapıb və sözügedən Fərmana əsasən 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi təsis edilib. Azərbaycanlıların Soyqırımı Gününün təsis edilməsi azərbaycanlıların məruz qaldığı etnik təmizləmə siyasəti və soyqırımı cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında müstəsna əhəmiyyət kəsb edir.
Sonda məlumat verilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket hücumları Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirdiyini bir daha sübuta yetirib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki