2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində keçirilən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı ölkəmizin Küveytdəki səfirliyinin dəstəyi və bu ölkədə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Küveytin “Əl-Əvail” orta məktəbində “Azərbaycan küveytli uşaqların gözü ilə” adlı tədbir təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarına Azərbaycan haqqında geniş məlumat verilib, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi diqqətə çatdırılıb. Eyni zamanda, tədbir çərçivəsində məktəb rəhbərliyinə Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında ətraflı məlumat verilib.
Bununla yanaşı, səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab və Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” Festivalına həsr olunmuş jurnallar və digər təbliğat materialları iştirakçılara təqdim olunub. Ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, gəzməli, görməli yerlərini, tarixi məkanlarını və milli mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz də nümayiş etdirilib. Səfirlik üzərində Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalçanı məktəb rəhbərliyinə hədiyyə olaraq təqdim edib.
İştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan tədbirdə şagirdlər Azərbaycan dilində uşaq mahnıları ifa ediblər.