Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar ölkəmizin Küveytdəki səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndərin əziz xatirəsi Küveyt ictimaiyyətinin nümayəndələri, Küveytdə yaşayan və çalışan Azərbaycan və Türkiyə icmasının üzvləri, hər iki ölkədən Küveytdə təhsil alan tələbələr, səfirliyin əməkdaşları tərəfindən dərin hörmət və ehtiramla anılıb.
Səfir Emil Kərimov çıxışında 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gədiyi zaman ölkənin vətəndaş müharibəsi həddinə çatdığını, torpaqlarımızın işğal altında olduğunu, ölkədə hərc-mərcliyin hökm sürdüyünü, iqtisadiyyatın tənəzzülə uğradığını və hakimiyyət uğrunda savaş getdiyini diqqətə çatdırıb. “Lakin, onun uzaqgörənliyi və əzmi sayəsində Azərbaycan bu çətin sınaqlardan çıxdı və sürətli inkişaf yoluna qədəm qoydu”, – deyə o vurğulayıb.
Sonra E.Kərimov dahi liderin uzaqgörən siyasəti və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət barədə məlumat verərək qeyd edib ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, nüfuzlu və güclü dövlət kimi tanınır. O əlavə edib ki, 2020-ci ildə Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 illik işğala son qoyub və həmin torpaqlarda sürətli quruculuq və bərpa işləri aparılır.
Səfir vurğulayıb ki, bu işlərdə, xüsusilə tarixi və mədəni abidələrin təmir və bərpasında Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu yaxından iştirak edir.
Daha sonra tədbir iştirakçıları “Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı” sənədli filminə tamaşa ediblər.
Tədbirin keçirildiyi zalda Ulu Öndərin zəngin həyat və siyasi fəaliyyətinə, eləcə də “Şuşa İli”nə həsr edilmiş fotostendlər quraşdırılıb, müxtəlif illərdə nəşr edilmiş kitab və jurnallar nümayiş etdirilib.
Ulu Öndərin anım günü ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilib, eyni zamanda Küveytin bir sıra kütləvi informasiya vasitələrində məlumatlar dərc olunub.