image-2000x150
image-16460497945594044015_1000x669backend

Leninoqorskda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

image-768x150

Xocalı faciəsinin 30-cu ildönümü günündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq dünyanın müxtəlif guşələrində Azərbaycan diasporunun iştirakı ilə müxtəlif aksiya və tədbirlər keçirilib.

“Tatarıstan” ictimai birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tatarıstan Respublikasının Leninoqorsk rayonunun və Leninoqorsk şəhərinin “Birlik” Azərbaycan milli-mədəni muxtariyyəti ictimai təşkilatının rəhbəri Ramiz Məmmədov başda olmaqla bu təşkilat tərəfindən “Xocalıya ədalət” beynəlxalq maarifçilik aksiyası çərçivəsində xeyriyyə tədbiri keçirilib.

Tədbirin moderatoru, Azərbaycandakı “Tatarıstan” İctimai Birliyinin sədrinin müavini, ictimai xadim, jurnalist Emin Ramazanov Xocalıda Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdən danışıb, dünya ictimaiyyətini Xocalı soyqırımı, həmin faciədən əvvəlki tarixi faktlar barədə məlumatlandırmağa yönəlmiş praktiki tədbirlərin vacibliyini vurğulayıb. O bildirib ki, beynəlxalq təşkilatlar, dünyanın müxtəlif ölkələrinin hökumətləri və parlamentləri bu hadisəyə qiymət verməli, onu soyqırım aktı kimi tanımalıdırlar.

“Birlik” ictimai təşkilatının sədri Ramiz Məmmədov Xocalı faciəsi haqqında reallıqların dünya birliyinə çatdırılması və belə hadisələrin bir daha təkrarlanmaması üçün gələcək nəsilləri məlumatlandırmaqdan ötrü bu cür tədbirlər keçirilməsinin vacibliyini qeyd edib. “Birlik” təşkilatı həmin faciənin dəhşətlərini əks etdirən fotosərgi, habelə Xocalı soyıqımı haqqında kitabçalar hazırlayıb və təqdim edib.

 

Rusiyanın Arxangelsk, Kalininqrad, Moskva, İstra, Xabarovsk, Volqoqrad, Voljsk, Nazran, Leninoqorsk, Naberejnıye Çelnı, Kursk, Vladivostok şəhərlərindən olan gənc azərbaycanlıların müxtəlif dillərdə “Xocalıya ədalət!” və “Biz Xocalını xatırlayırıq!” şüarları səsləndirdiyi videoçarx nümayiş etdirilib.

Ramiz Məmmədov deyib: “Xocalı bütün Azərbaycan xalqının ağrısı və faciəsidir, bu xalq Xocalı faciəsini heç vaxt unutmayacaq! Biz ədalət istəyirik, biz istəyirik ki, Xocalı faciəsi soyqırımı aktı kimi, insanlığa qarşı cinayət kimi tanınsın”.

Leninoqorsk şəhərinin fəxri vətəndaşı, “Rusiyanın əmək rəşadəti” ictimai təşkilatının sədrinin müavini, Ümumrusiya “Böyük Qələbənin qızıl estafeti”nin və Tatarıstan Respublikasının “Qara qızıl” yubiley estafetinin rəhbəri Mars İshaqov qeyd edib ki, azərbaycanlılar nəcib xalqdır, bu xalq öz tarixini müqəddəs tutur və həmin faciəvi günlərdə həlak olanların xatirəsini ehtiramla yad edir.

Leninoqorskdakı Azərbaycan diasporunun nümayəndəsi Kamal Atakişiyev vurğulayıb ki, Xocalı soyqırımı hər bir azərbaycanlı üçün faciədir. O deyib: “Biz Əfqanıstanda hərbi xidmət keçərkən mülki əhaliyə qarşı silah işlətməmişik, Xocalıda baş verənlər isə insanlığa qarşı cinayət olub”.

 

 



Leninoqorsk şəhərindəki Müqəddəs Troitsa məbədinin keşişi, protojiyeri İohan Antipov qeyd edib ki, bu xeyriyyə tədbiri çox dərin məna kəsb edir. O deyib: “Azərbaycan xalqı bizim qardaşlarımızdır. Ramiz Mustafa oğlunun sayəsində biz hər il bu faciə qurbanlarını yad edir və xatırladırıq ki, belə hadisələr bir daha təkrarlanmamalıdır.

Əgər biz baş verənlərin mənasını dərk edə biliriksə, bundan ibrət dərsi almalıyıq. Əgər biz bu ağrının, həyatı itirməyin, qorxunun nə demək olmasını xatırlamasaq, həyatın mənasını itirərik.

Hazırda biz böhran həddindəyik, biz dünyada nələr baş verdiyini, xalqların nə üçün dostluq etməli olduğunu, mənəvi yaxınlığın bizə nədən ötrü lazım olduğunu anlamalıyıq”.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki