Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu – Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Məhəmməd Əmin Rəsulzadə nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika yaratmışdır.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” fərman imzalayıb.
Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Hörmət və sayğıyla anırıq. Allah rəhmət etsin. Məkanı cənnət olsun.
Sizlərə Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun Məhəmməd Əmin Rəsulzadəyə ithaf etdiyi şeiri təqdim edirəm.
Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədr müavini – Fəyyazlı Mehdi Afiq oğlu