Belarusun paytaxtı Minskdə 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
“Minsk Marriott Hotel”də baş tutan tədbirdə Belarusun dövlət qurumlarının, Azərbaycanın bu ölkədəki səfirliyinin, MDB İcraiyyə Komitəsinin, yerli ictimaiyyətin, “Belarusdakı Azərbaycan İcmaları Konqresi”nin nümayəndələri və Belarusda təhsil alan tələbələrimiz iştirak ediblər (diaspor.gov.az).
Hər iki ölkənin Dövlət himlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması və fəaliyyəti barədə ətraflı məlumat verib. Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı istiqamətində misilsiz xidmətlər göstərdiyi, bu siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi diqqətə çatdırılıb.
Dövlətlərimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində qurulduğunu vurğulayan diplomat qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və yerli hakimiyyət orqanlarının dəstəyi ilə bu il Minskdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılması bu əlaqələrin mədəniyyət sahəsində də inkişaf etməsinin göstəricisidir.
Belarus Baş nazirinin müavini İqor Petrişenko xalqımızı bayram münasibətilə təbrik edib və Azərbaycanın ölkəsi üçün son dərəcə vacib tərəfdaş olduğunu vurğulayıb. O, dövlətçiliyini möhkəmləndirən, iqtisadiyyatını dinamik şəkildə inkişaf etdirən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını nəzərə çatdırıb. “Bir sözlə, ölkə öz rəhbərinin göstərdiyi kursla inamla irəliləyir. Biz də səmimi dostlar kimi sizin uğurunuza sevinirik”, – deyə söyləyib.
Sonra Belarus Dövlət Filarmoniyasının kvartet qrupunun ifasında Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri səsləndirilib, ölkəmizə və mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş videoçarxlar təqdim olunub.
Tədbir çərçivəsində UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının üzvü olan azərbaycanlı rəssam Nərminə Nəcəfovanın “Azərbaycanın yeddi baharı” mövzusunda rəsm sərgisi nümayiş etdirilib.