Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə ödənişsiz əsasda təhsil alan tələbələrə diplomların təqdimatı mərasimi keçirilib.
Mərasimdə müxtəlif ölkələrdən olan tələbələrə 85 diplom və sertifikat təqdim olunub. Onlar arasında 18 diplom, azərbaycan dilini öyrənən tələbələrə təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın Misir və digər ərəb ölkələri ilə əlaqələrinin tarixindən və hazırkı yüksək səviyyəsindən bəhs edib.
O qeyd edib ki, 2014-cü ildən fəaliyyət göstərən Cəmiyyətdə indiyədək 57 ölkədən 2500-ə yaxın tələbə təhsil alıb və hazırda 57 ölkədən olan 600-dən çox gənc ödənişsiz əsasda təhsilini davam etdirir.
S.Nəsirov vurğulayıb ki, Cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmlənməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraətləri, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya, xalçaçılıq, muğam sənəti tədris olunur.
Misir-Azərbaycan Dostluq Cəmiyyətində ərəb ölkələrindən olan gənclərin Azərbaycan dili kurslarında böyük həvəslə iştirakı Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Suriya, İordaniya və digər ərəb ölkələri mətbuatı tərəfindən də geniş işıqlandırılıb.