Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında 22 tələbənin iştirakı ilə yeni tədris ili başlayıb.
Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-a bildirib ki, 2019-cu ildən bəri ödənişsiz əsasda təşkil olunan və müəllim İnarə Osmanovanın dərs dediyi Azərbaycan dili kurslarında müxtəlif ölkələrdən olan gənclər dilimizin qrammatikasını öyrənir, həmçinin danışıq üzrə yaradılmış klubun fəaliyyətində yaxından iştirak edirlər. Onlar mütəmadi olaraq Misir və digər ərəb ölkələrinin mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edir, xalqımızın qədim mədəniyyətini, adət-ənənələrini, tolerantlığını təbliğ edirlər. Tələbələrdən bir neçəsi ölkəmizə və qardaş Türkiyəyə səfər edib, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti və digər fənlər üzrə kurslarda 35 ölkədən 400-ə yaxın tələbə təhsil alır. Bundan başqa, Qahirə və Ayn-Şəms universitetlərində də Azərbaycan dili tədris edilir.