Noyabrın 10-dan Rusiyanın Mıtişi şəhərində müxtəlif xalqların nümayəndələrinin qatıldığı “Xalqlar dostluğu” milli mədəniyyətlər festivalı keçirilib. Bu haqda Rusiya Azərbaycanlıları İnformasiya Klubu məlumat yayıb.
Şəhər rəhbərliyi, Moskva vilayəti Azərbaycan diasporunun rəhbərlərinin də qatıldığı festivalın Azərbaycan guşəsini Kamil Bayramovun rəhbərlik etdiyi Mıtişi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin üzvləri təmsil ediblər. Guşədə qonaqlar xalqımızın milli yeməkləri, nar şirəsi, çay və başqa təamlarla tanış olublar.
Mıtişi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin üzvü Ulduz Əskərova Moskva vilayəti hökumətinə öz adət-ənənələrimizi, mədəniyyətimizi və mətbəximizi nümayiş etdirmək imkanı verildiyinə görə təşəkkür edib: “Xalqımızın Rusiya cəmiyyətinə inteqrasiya etməklə yanaşı, öz milli kimliyini qoruyub saxlaması vacibdir”, – deyə o saytımıza bildirib.
Qeyd edək ki, tədbir geniş konsert proqramı ilə davam edib.