Avqustun 28-də Moskvada “Çoxmillətli Rusiya: müxtəlifliyin birliyi” proqramı çərçivəsində “Xeyirxahlıq Xamovnikidə yaranır” adlı festival keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiyadakı müxtəlif xalqların diaspor üzvləri iştirak ediblər. Azərbaycanı festivalda Əli Kazımovun rəhbərlik etdiyi Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatı təmsil edib.
Festival böyük konsert proqramı və kulinariya təqdimatları ilə yadda qalıb.
Tədbirdə əfsanəvi Müslüm Maqomayevin “Mavi əbədiyyət” və “Azərbaycan – bahar yurdu” mahnıları səsləndirilib. Qonaqlar Azərbaycan paxlavası, “Qarabağ kətəsi” və digər milli şirniyyatlardan dadıblar.
Sərgidə, həmçinin Azərbaycanın xalq sənətkarlığı nümunələri, tanınmış şəxsiyyətlərin portretləri, ölkəmizin tarixi, mədəniyyəti və görməli yerlərini əks etdirən jurnal və kitablar nümayiş olunub.