image-2000x150
image-07-44-57-20221118114755_kerim_kerimov_-3backend

Moskvada Kərim Kərimovun anadan olmasının 105 illiyi qeyd edilib

image-768x150

Rusiyanın Moskva şəhərində SSRİ-nin Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə Dövlət Komissiyasının sədri, Azərbaycan əsilli general-leytenant, mühəndis alim Kərim Kərimovun 105 illiyi münasibətillə “Əqidə yüksəlişi” adlı təntənəli tədbir keçirilib (diaspor.gov.az).

Kərim Kərimovun adını daşıyan 1583 nömrəli məktəbdə baş tutan tədbir “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı ilə birgə təşkil edilib.

Məktəbin müəllimi Ramidə Qasımovanın moderatorluğu ilə aparılan tədbirdə Kərim Kərimovun ailə üzvləri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, Rusiya dövlət strukturlarının, “Roskosmos” Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyasının, Müdafiə Nazirliyinin, Y.Qaqarin adına Kosmonavtların Hazırlanması Mərkəzinin, Kosmonavtika Federasiyasının və digər qurumların, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Svetlana Dvoryantseva qonaqları salamlayıb.

image-17-34-21-20221118114755_kerim_kerimov_-4

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan səfirliyinin humanitar məsələlər üzrə müşaviri Zaur Paşayev, “Roskosmos” idarəsinin rəisi general-leytenant Aleksandr Pavlovski, əməkdar sınaqçı Skella Buqrova, polkovnik Nikolay Qruşin, general-leytenant Yuri Qusev, kosmonavt-tədqiqatçı Andrey Borisenko, “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov, “Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional təşkilatının sədri Elşən İbrahimov və başqaları çıxış ediblər.

image-07-45-15-20221118114755_kerim_kerimov_-1

Qonaqlar həmyerlimizin həyatının önəmli məqamlarından, kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində müstəsna rolundan, uzun illər şəxsiyyətinin ictimaiyyətdən gizli saxlanılmasından, SSRİ-də və tarixi vətəni Azərbaycanda onun fəaliyyətinə yüksək qiymət verilməsindən danışıblar.

Tədbirdə iştirak etdiklərinə görə bütün qonaqlara minnətdarlığını bildirən Bəxtiyar Həsənov əfsanəvi həmyerlimiz üçün xüsusi qürur hissi keçirdiyini, Kərim Kərimovun adını daşıyan məktəbə baş çəkərkən mənəvi məsuliyyətinin daha da artdığını vurğulayıb. Sonra Moskva hökumətinin naziri, milli siyasət və regionlararası əlaqələr departamentinin rəhbəri Vitali Suçkovun adından məktəb rəhbərliyinə ünvanlanan təşəkkürnaməni direktora təqdim edib.

image-07-45-09-20221118114756_kerim_kerimov_-5

Qələbə Əsgərlərinin Xatirə Fondunun adından Kərim Kərimovun portreti məktəbə hədiyyə edilib.

Tədbir boyu Kərim Kərimovun həyatından və fəaliyyətindən bəhs edən sənədli filmdən fraqmentlər nümayiş etdirilib.

Tədbir məktəblilərin hazırladığı konsert proqramı ilə davam edib.

Bədii proqramdan sonra qonaqlar məktəbdəki “Birlik” muzeyini ziyarət ediblər. Qeyd edək ki, tədbir ərəfəsində “Moskva Azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının dəstəyi ilə “Birlik” muzeyində təmir işləri aparılıb, eksponatlar bərpa edilib və mebel yenilənib. Muzeydə Azərbaycan tarixinə, mədəniyyətinə aid eksponatlar, kitablar və çoxsaylı digər əşyalar toplanıb. K.Kərimova həsr olunmuş ayrıca guşədə onun kitabları və 1997-ci ildə məktəbi ziyarət edərkən geyindiyi mundir qorunub saxlanılır.

image-fb_img_1668829380570

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki