Xəbər verdiyimiz kimi, aprelin 22-23-də Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Qurultaya Belarus Respublikasından da soydaşlarımız dəvət olunub. Belə ki, nümayəndə heyətinə Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırov, sədr müavini İlham Hacıyev, “Azərbaycan Mədəniyyəti və Dili Mərkəzi”nin rəhbəri Şəfiqə Məmmədova və iş adamı, “Azərbaycanın ticarət evi ”nin təsisçisi Vasif İsmayılov qoşulublar.
Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırov “Diaspornews.az”a bildirib ki,
Zəfər Qurultayı çox məhsuldar oldu: “Qarşıdakı bir neçə il üçün məqsəd və vəzifələr müəyyən edilmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qurultaydakı nitqindən hər bir kəlmə əməl edilməli bir göstərişdir. Cənab Prezidentin “diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar” deməsi bizlərin məsuliyyətini daha da artırır”.
Natiq Bağırovın fikrincə, qurultay dünyanın müxtəlif ölkələrindən olan soydaşlarla sıx ünsiyyət diaspor təşkilatları arasında əlaqələri daha da gücləndirdi. “Bu da gələcəkdə dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin daha da güclənməsinə səbəb olacaq”,-deyə o əlavə edib.
Xatırladaq ki, qurultayda Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədr müavini İlham Hacıyevə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.