ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur “Carnegie Hall”-un Zankel zalında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 105 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib.
Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan konsertə müxtəlif ölkələrin BMT yanında daimi nümayəndəliklərinin diplomatları, yerli musiqisevərlər qatılıblar.
Konserti Azərbaycanın əməkdar artisti, pianoçu, professor Nərgiz Əliyarova açaraq, Qara Qarayevin həyat və yaradıcılığı haqqında tamaşaçılara maraqlı məlumatlar verib. Sonra Nərgiz Əliyarova musiqiçi həmkarı – ABŞ-ın görkəmli skripkaçısı Melissa Vaytla birlikdə Qara Qarayevin skripka və fortepiano üçün sonatasını və “7 Gözəl” baletindən “Adajio”nu yüksək professionallıqla ifa ediblər. Azərbaycanlı pianoçunun ifasında Qara Qarayevin fortepiano üçün yazdığı prelüdlər də təqdim olunub.
Konsert gecəsi Johannes Brams, Edvard Qriq və Frederik Şopenin əsərlərinin ifası ilə davam edib.
Azərbaycan mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyət kəsb edən konsertin sonunda bütün zal ifaçıları ayaq üstə alqışlayıb.
Qeyd edək ki, bu layihəyə digər sponsorlarla yanaşı, Diasporla iş üzrə Dövlət Komitəsi dəstək göstərib.
Xatırladaq ki, “Carnegie Hall”-un 599 yerlik Zankel zalı 2003-cü ildə açılıb və Nyu-Yorkun ən məşhur məkanlarından birinə çevrilib. Bu zalda klassik, pop və caz musiqisi ifaçıları çıxış edirlər.