Yaşar Məsimov: “Məqsədimiz regionda istedadlı uşaqlara – əla akademik uğur qazanmış və fəal həyat mövqeyinə malik həmyerlilərimizə dəstək olmaqdır”
Orenburq şəhərinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti tərəfindən “Əlaçı” kampaniyasına start verilib. Bu haqda Orenburqun Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Yaşar Məsimov “Diaspornews.az“a məlumat verib.
Yaşar Məsimov deyib ki, kampaniyanın məqsədi regionda istedadlı uşaqlara – əla akademik uğur qazanmış və fəal həyat mövqeyinə malik həmyerlilərimizə dəstək olmaqdır: “2022-23-cü tədris ilində qızıl medal, akademik fənlər üzrə əla qiymətlər və Vahid Dövlət İmtahanında üç fəndən cəmi 250 (və ya daha çox) bal toplayan, habelə ali təhsil müəssisəsinin qırmızı diplomu almış həmyerlilərimiz, hədiyyə olaraq noutbuk, Vahid Dövlət İmtahanında fənlərdən biri üzrə 100 bal toplayan məktəb məzunları qiymətli hədiyyə – elektron kitab və ya smartfonun sahibi olacaqlar.
Bu aksiya mənim şəxsi təşəbbüsümlə həyata keçirilir. Fikrimcə, milli ictimai təşkilatlar öz mədəniyyətlərini, adət-ənənələrini, dilini təbliğ etməklə yanaşı, həmvətənlərini – ümumtəhsil məktəblərinin şagirdlərini və ali məktəb tələbələrini xüsusi akademik nailiyyətlərə görə, həmçinin incəsənətin müxtəlif formalarında qiymətli mükafatlar və pul mükafatları ilə həvəsləndirmək üçün səy və imkanlarını yönəltməlidirlər.
Bizim tərəfimizdən belə yardım onların oxumasında və yaradıcılıq inkişafında daha böyük stimul olardı. Məktəbdə, sonra isə universitetdə oxumaq əzm, böyük enerji, qətiyyət və liderlik keyfiyyətləri tələb edən çətin işdir. Hər bir məzun əla oxumaqla hamımıza ən çətin işlərin öhdəsindən gələcəyini sübut edir. Və biz onları təşviq etməliyik. Əminəm ki, gələcəkdə onların hər biri şübhəsiz ki, cəmiyyətə, dövlətə böyük fayda verəcəkdir. Orenburq şəhərinin Azərbaycan Milli-Mədəni Muxtariyyətinin ofisində məzunlara – əlaçı tələbələrə hədiyyələrin və diplomların təntənəli təqdimat mərasimi keçiriləcək.
Aksiyada iştirak etmək istəyənlər +7 (987) 777-27-77 nömrəsinə zən vura və ya e-poçt: orenanka@yandeх.ru yaza bilərlər”.