image-2000x150
image-img_20220319_012537backend

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı şənliyi keçirilib  

image-768x150

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə böyük bayram tədbiri keçirilib.
“Diaspornews.az” xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Türkiyə Səfirliyinin diplomatları, Özbəkistanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, yerli azərbaycanlılar, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə Novruz bayramı, “Şuşa ili” ilə əlaqədar, habelə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar haqqında nəşrlər və milli mədəniyyətimizə dair suvenirlər nümayiş etdirilib. Qonaqlar Bahar bayramı münasibəti ilə Mədəniyyət Mərkəzində açılmış “Bahar çələngi” sərgisi ilə də tanış olublar. İştirakçılar Novruza dair bayram xonçaları, şirniyyatlar, şəkərbura, paxlavaya qonaq ediliblər.

image-img_20220319_012557
İlk öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov milli bayramımız olan Novruzun Azərbaycanda, Özbəkistanda, eləcə də Türk dünyası ölkələrində qeyd olunması, dilimiz, dinimiz, soykökümüz, mədəniyyətimiz, adət-ənənələrimiz kimi ortaq bayramlarımızın da xalqlarımızı birləşdirdiyini söyləyib.
O, tarixi faktlardan sitat gətirərək Novruzun Türk dünyasında qədimdən qeyd olunduğunu, Mahmud Kaşqarinin “Devonu luğati türk” əsərində, Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında, Əbu Rayhan Biruni, Əlişir Nəvai, Zəhiriddin Baburun əsərlərində bu bayram haqqında məlumatların öz əksini tapdığını vurğulayıb.

image-img_20220319_012455
Samir Abbasov xalqlarımızın qədimliyini, zəngin mədəniyyətini, adət və ənənələrini nümayiş etdirən Novruz Bayramının Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, tanınmış alim Adxambek Olimbekov Azərbaycanın təşəbbüsü, Özbəkistanın və bir sıra digər dövlətlərin dəstəyi ilə 2020-ci ildə BMT Baş Məclisi yekdilliklə martın 21-nin “Beynəlxalq Novruz Günü” kimi tanınması ilə əlaqədar qətnamə qəbul etdiyini söyləyərək, Novruzun sülhə, dostluğa, əmin-amanlığa çağırış, yenilik və barış bayramı olduğunu qeyd ediblər.
Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış, Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Dostluğun mədhi” musiqi klipi nümayiş etdirilib. Klipdəki musiqi Özbəkistanın xalq artisti Ramiz Usmanov və Özbəkistan Dövlət Uşaq Filarmoniyasının Xor Kapellası tərəfindən icra olunub.
Bayram tədbirində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələrinin şeir kompozisiyası ilə davam edib, tələbələr Novruz bayramı və Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər səsləndiriblər.
Özbəkistanın dünyada tanınmış, məşhur “Uzbegim Yoshları: Özbək gəncləri” musiqi qrupu tərəfindən Azərbaycan və Özbək mahnıları ifa olunub, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, bahara dair rəqslər təqdim ediblər.

image-img_20220319_012514

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki