image-2000x150
image-img-20220210-wa0000backend

Özbəkistanla Azərbaycan mətbuatı arasında müsabiqə elan edilib

image-768x150

Özbəkistanda bu il mətbuat sahəsində keçiriləcək müsabiqənin əsas nominasiyası “Şuşa ili”nə həsr olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2022-ci il Özbəkistan-Azərbaycan mətbuatı arasında müsabiqə elan edilib.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə builki müsabiqədə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı”, “Türk dövlətləri arasında iqtisadi əlaqələr və tranzit imkanları”, “Ortaq dəyərlərimiz” mövzusunda nominasiyalar üzrə elan edilib.
Müsabiqəyə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Milli Mətbuat Agentliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Özbəkistandakı Səfirliyi müvafiq dəstək göstərir.
2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, müsabiqəyə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı nominasiya daxil edilib.
Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi Şuşa şəhərinin tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, mədəniyyət və sənət beşiyi Şuşanın azad olunması, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, prezident İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasət, azad olunmuş ərazilərdə bərpa və dinc əhalinin qayıdışı, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələrə, araşdırmalara, televiziya verilişlərinə və s. materiallara müsabiqədə üstünlük veriləcəkdir.
Özbəkistan Respublikasında 2022-ci il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsan maraqlarının təminatı və məhəllələrin inkişafı ili” elan olunduğundan bu mövzuda da “Özbəkistanın qabaqcıl və inkişaf edən məhəllələri” nominasiyası əlavə edilib.
Qeyd edək ki, Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün Türk dövlətlərinin qarşılıqlı münasibətləri ilə bağlı qəbul olunan çoxsaylı sənədlər siyasətdən iqtisadiyyata, mədəniyyətə, elm və təhsilə qədər bütün istiqamətlərdə əlaqələrimizin real əsasını təşkil edir.
Regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verir. Azərbaycanın tarixi zəfərindən sonra bölgədə yaranmış yeni reallıqlar, Zəngəzur dəhlizinin açılması Türk dövlətləri arasındakı bağlılığı daha da artıraraq, regionda əməkdaşlıq və iqtisadiyyatın inkişafı yolunda yeni bir imkan açacaq.
“Türk dövlətləri arasında iqtisadi əlaqələr və tranzit imkanları” adlı nominasiyada üzv ölkələr arasında iqtisadi nailiyyətlər, əlaqələr, nəqliyyat-tranzit layihələri, qarşılıqlı investisiyalar, yük və sərnişin daşımalarının həcminin artmasına dair materiallara daha çox üstünlük veriləcəkdir.
“Ortaq dəyərlərimiz” adlı nominasiyada xalqlarımızı birləşdirən ortaq dəyərlər, soy-kök, tarix, dil, din, mədəniyyət, adət və ənənələr, muğam-makom sənəti, aşıq-baxşı sənəti, atüstü oyunlar, süfrə mədəniyyəti, Novruz, Ramazan bayramları, Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan və Özbək xalqlarının rolu, “Tarixi İpək yolu” mövzusunda materiallar xüsusi mükafata layiq görüləcəklər.
Elan olunmuş müsabiqədə Azərbaycan Mədəniyyət Mərkəzi ənənəyə sadiq qalaraq Azərbaycan-Özbəkistan mədəniyyəti, dostluğu, əməkdaşlığı, hər iki ölkənin əldə etdiyi nailiyyətlər” mövzusu üzrə qaliblər müəyyənləşdiriləcəkdir.
Qeyd olunan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı) fəxri diplom, pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan “Mediatur”da iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu “Mediatur” zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə təqdim olunan materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki