Ukraynada əsası qoyulan və hazırda Almaniyada fəaliyyətini uğurla davam etdirən “Qafqaz” ansamblının yaranmasının 15 ili tamam olub. Bu münasibətlə ansambl kollektivi yubiley sevincini sənətsevərlərlə və dostları ilə bölüşüb.

Ansamblın rəhbəri Nicat Mirzəyev yubiley münasibətilə saytımıza bildirib ki, ötən 15 il təkcə bir tarix deyil, həm də zəhmət, çətinliklər, uğurlar və dəyərli təcrübələrlə zəngin böyük bir yolun ifadəsidir. Qeyd olunub ki, fəaliyyət dövründə kollektiv müxtəlif çətinliklərlə üzləşsə də, milli musiqi və rəqs sənətini yaşatmaq və tanıtmaq missiyasına daim sadiq qalıb. O vurğulayıb ki, bu illər ərzində onları ən çox ruhlandıran amil insanların sevgisi və dəstəyi olub. Kollektiv həmkarlarına, şagirdlərinə, valideynlərə, dostlarına və sənətsevərlərə təşəkkürünü ifadə edib.

Nicat Mirzəyev bildirib ki, “Qafqaz” ansamblı artıq sadəcə bir kollektiv deyil, böyük bir ailəyə çevrilib: “15 il əvvəl başladığımız yolun bu gün də eyni inam və sevgi ilə davam etməsi bizim üçün böyük qürurdur. Ukraynada yaranan ansamblımız hazırda Almaniyada fəaliyyət göstərərək Azərbaycan və Qafqaz mədəniyyətini beynəlxalq müstəvidə tanıdır. Bu uğurların arxasında böyük zəhmət, birlik və insanların bizə olan etimadı dayanır.”

Nicat Mirzəyev qeyd edib ki, mövcud müharibə şəraitinə baxmayaraq ansambl fəaliyyətini dayandırmayıb və əksinə, daha da fəallaşıb: “Belə bir dövrdə fəaliyyətimizi davam etdirmək çox vacibdir. Çünki bir çox uşaqlar stress və psixoloji gərginlik yaşayırlar. Musiqi və rəqs onların motivasiyasını artırır, ruh yüksəkliyi verir və həyata daha pozitiv baxmalarına kömək edir. Biz çalışırıq ki, uşaqlar özlərini yalnız hiss etməsinlər.”
Ansambl rəhbəri əlavə edib ki, kollektiv müxtəlif dövlət tədbirlərində fəal iştirak edir, həmçinin diaspora təşkilatları ilə sıx əməkdaşlıq quraraq Azərbaycan mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərir.

“Qafqaz” ansamblı 15 illik yubileyini yeni layihələr və beynəlxalq çıxışlarla qeyd etməyə hazırlaşır. Kollektiv gələcəyə böyük ümidlə baxdığını və qarşıdakı illərdə daha böyük uğurlara imza atmağı hədəflədiyini bildirib.






























