image-2000x150
image-4ba12f0b-fbd5-4221-b5e7-6a1380d15aa4backend

Qarabağı dünyaya tanıdaq

image-768x150

23 noyabr 2022-ci il tarixində Respublika “Fitoterapevtlər” İctimai Birliyi “Qarabağı dünyaya tanıdaq” layihəsi çərçivəsində “Qarabağın flora və faunası” adlı elmi-praktik konfransı keçirilmişdir. Respublikanın millət vəkillərinin, elm-sənət adamlarının, alim və həkimlərin, digər ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransa, Qarabağın azadlığı uğrunda canlarından keçmiş şəhid ailələlərinin nümayəndələri və Vətən müharibəsi qaziləri də dəvət edilmişdir. Azərbaycanın dövlət himni ilə açılan konfransın iştirakçıları, öncə Vətən uğrunda qurban getmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra konfrans iştirakçılarına nümayiş olunan Qarabağın tarixi və sərvətlərinə həsr olunmuş maraqlı sənədli filmdə, Orta əsrlərdə Azərbaycanın Qarabağ bölgəsinin dünyaya bəxş etdiyi töhfələr haqqında,  Azərbaycanın əbədi tarixi məkanı olan Qarabağda doğulan dünyaşöhrətli musiqiçiləri, rəssamları, alimləri, şair-yazıçıları kimi, təbib və əczaçılarının da əvəzsiz xidmətləri haqqında kadrlar əks olunmuşdur. Təbiət etibarı ilə dağlıq və aran ərazilərindən ibarət olan Qarabağda bol və müalicəvi su ehtiyatları, mülayim və təmiz iqlim, münbit, qara, məhsuldar torpaqlar olduğu üçün, bu region zəngin flora və fauna ehtiyatına da malikdir. Elə bunun nəticəsidir ki, yüzlərlə Qarabağlı alim, təbib və əçzaçılar, əttar və tükəçarəçilər təbiətdən əldə etdikləri təbii bitki, heyvan və mineral mənşəli müalicəvi vasitələr hazırlayaraq, insanları müalicə etmişlər. Qarabağda yetişən qiymətli dərman bitki sərvətləri əsrlər boyu xarici ölkələrə də ixrac olunmuşdur. Qarabağlı həkim və əczaçılardan Yusif Qarabaği, Məhyəddin Qarabaği, Nəciməddin Beyləqani, Mirzə Məmmədqulu bəy Təbib Qayıbov, Mirzə Cavad bəy Qayıbov kimi həkim və əczaçılar haqqında geniş məlumat verilmişdir. Sonra konfransı giriş sözü ilə açan, layihənin ideya müəllifi, “Fitoterapevtlər” İB-nin fəxri üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfova, Azərbaycanın zəngin flora və fauna ehtiyatının böyük bir hissəsinin məhz Qarabağ bölgəsinin payına düşdüyünü qeyd edərək bildirdi ki, bu mənbələr Azərbaycanın misilsiz, qiymətli sərvətləridir. Və bunların əksəriyyəti, o cümlədən “Xarı bülbül” çiçək növü, “Ürək şəkilli ağac” kimi maraqlı nümunələr məhz Qarabağda, onun ürəyi olan Şuşada bitir. O, həmçinin öz çıxışında 30 ilə yaxın mənfur ermənilərin tapdağı altında olan bu gözəl bölgənin, işğalçılar tərəfindən ekoloji terrora məruz qalması və bütün bu acı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini qeyd etdi. “Fitoterapevtlər” İB-nin sədri, tibb elmləri doktoru Məlahət Qəhrəmanova çıxış edərək, Qafqazda bitən bitki növlərinin 66 faizini təşkil edən, 4500-dən artıq əhəmiyyətli bitki nümunələrinin yayıldığı Azərbaycan florasının ən qiymətli bitki növlləri, məhz Qarabağın payına düşdüyünü qeyd etmişdir. O, Qarabağ ərazisinin bol günəş və su ehtiyatına, münbit məhsuldar torpağa, isti və mülayim iqlimə malik olduğundan bu sahələrdə hələ qədim zamanlarda yayılan dərman bitkilərinin tərkibində əsas təsiredici bioloji fəal maddələrin həm miqdarı, həm də sayının daha çox toplandığı üçün, həmin bitki xammalları müalicəvi xammal olaraq daha keyfiyyətli hesab olunduğunu qeyd etmişdir.

Konfransda çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva mədəniyyətlə təbiətin bir vəhdət təşkil etdiyini, əslində  mədəniyyətin insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı, nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər demək olduğunu qeyd etdi. O, eyni zamanda mədəniyyətşünaslığın əsas məsələlərindən birinin elə mədəniyyətlə təbiətin qarşılıqlı münasibətlər olduğunu qeyd edərək, müasir dövrdə bu münasibətlərin əhəmiyyəti çox aktual olduğunu, hər ikisinin insan həyatının ayrılmaz hissəsi olduğunu bildirdi. Mədəniyyət insanın fəaliyyəti nəticəsində təbiətin bir qədər dəyişilməz formasıdır. Bu bir tərəfdən təbiəti nizamlasa da, digər tərəfdən təbiətin nizamlanmış qaydasına ciddi dəyişikliklərə aparıb çıxarır. İnsanın təbiətlə əməkdaşlığı hər iki subyektə sərfəlidir. İnsan təbiətdən maddi sərvət götürür, ideyalar alır, ondan öyrənir. Bu, düşünülmüş olduqda təbiəti daha da zənginlşdirir. Təbiətə ziyan vuran hərəkətlər isə ilk növbədə insanın özünə ciddi problem yaradır. Bu hərəkət mədəniyyət anlayışına zidd sayılır. Mədəniyyətlə təbiət vahid təsəvvür edilməli, bir-birindən yararlanmalıdır.  Bu baxımdan doğma Qarabağın mənəvi sərvətləri kimi, onun maddi sərvəti olan flora və fauna aləminin qorunması, yenidən dirçəldilməsi günümüzün vacib və əhəmiyyətli məsələsidir.

Səhiyyə Komitəsinin üzvü millət vəkili, həkim qastroentroloq İlham Məmmədov öz çıxışında Qarabağın təbii nemətlərinin zənginliyindən danışaraq, çox maraqlı tarixi məqamlara toxunmuşdur. O, tarixçi alim F.Ələkbərlinin tədqiqatlarından nümunə gətirərək bildirmişdir ki, hələ qədim zamanlarda son dərəcə əlverişli iqlimi olan Qarabağ ərazisinin zəngin təbiəti və burada yetişən qiymətli bitki örtüyü, bütün Şərq ölkələrinin, o cümlədən Roma, Babilistan, Misir, Yunanıstan kimi ölkələrin elm adamlarının diqqətini özünə cəlb etmişdir. Elə bunun nəticəsi idi ki, hələ b.e.ə.IV əsrdə Misirdə xəstəxanada işləyən qədim yunan alimi Erazistrat Midiyanın paytaxtı Haqmadan (müasir Həmədan şəhəri) şəhərində olarkən, Qarabağda tədarük olunan müalicəvi əhəmiyyətli bitkiləri toplayaraq, öz ölkəsinə aparmışdır. I əsrdə yaşamış Roma alimi Halen də dərman bitkiləri əsasında müxtəlif farmakoloji təsirlərə malik müalicəvi preparatları hazırlayarkən, xammal olaraq, əsasən Qarabağ bölgəsindən daşınıb gətirilən ofisinal bitkilərdən geniş istifadə etmişdir. Sonralar Yunanıstanda bir çox dərmanşünasların bu xammal əasında bəzi dərman formalarının, o cümlədən, müxtəlif bitki tərkibli miksturaların, duru erstraktların, məcunların, həblərin geniş çeşiddə hazırlanması nəticəsində dərmanşünaslıq xeyli inkişaf etdi. Bu nailiyyətlərin əldə edilməsi Qarabağda tədarük olunaraq, gətirilən dərman bitki xammalı hesabına əldə edilirdi. Qarabağın qiymətli milli sərvətlərini bütövlükdə əldə etmək üçün sonralar e.ə. I əsrdə Roma Qafqaz Albaniyasıyla müharibəyə girdi və məğlub oldu. Lakin bu məğlubiyyətdən əlindən qiymətli sərvətlərin birdəfəlik çıxacağını anlayan Romalılar Alban dövləti ilə sülh müqaviləsi imzaladı. Və təsadüfi deyil ki, bu müqavilədəki bəndlərdən biri dərman bitkilərinin alış-verişi haqqında olmuşdur. Beləliklə, romalılar uzun müddət Qarabağda bitən dərman bitki sərvətlərini tədarük edib, qurudub, xırdalanmş şəkildə, ağzı hermetik bağlanmş şüşə qablarda öz ölkələrinə xammal olaraq alıb aparmışlar. Tarixçi Strabonunun məlumatına görə bağlanmış müqaviləyə əsasən romalılar Albaniyadan hətta bu bitkilər əsasında hazırlanan bəzi dərman substantlarını da öz ölkələrinə idxal etmişlər. Bütün bunlar bu gün onu deməyə əsas verir ki, əzəli-əbədi torpağımız olan Qarabağın zəngin təbiətinin, onun bütün maddi-mənəvi sərvətlərinin bundan sonra bərpa olunması və qorunması üçün hər kəs əlindən gələni etməyə borcludur.

Millət vəkilləri Kamilə Əliyeva, Müşfiq Məmmədli, Jalə Əhmədova,  Tamam Cəfərova, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, Azərbaycan Tibb Universitetinin müəllimi, Dünya Tibbi Hüquq Assosasiyasının və Respublika Tibb Tarixçiləri Birliyinin üzvü Aidə Bəndəliyeva, ADPU-nun dosenti Amalya Həsənova, Botanika institutunun baş elmi işçisi, dosent Lətafət Mustafayeva öz çıxışlarında zəngin flora və fauna aləminə, həmçinin müalicəvi mineral su ehtiyatlarına malik olan doğma Qarabağın tarixi keçmişi, bu məhsulların qiymətli  müalicə vasitələri üçün əlverişli mənbə olması, işğal zamanı bölgəyə dəyən ekoloji problemlərin, dağıntıların aradan qaldırılması və bərpa işlərinin daha da sürətləndirilməsi işinin hər kəsin qarşısında duran vacib bir  vəzifə olduğunu qeyd etmişlər.

Tədbirin bədii hissəsində, respublikanın Xalq artisti Gülyanaq Məmmədovanın Qarabağla bağlı ifa etdiyi gözəl mahnılar bütün tədbir iştirakçıları, o cümlədən şəhid anaları və qazilərimiz tərəfindən sevilərək dinlənildi.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki