Türkiyənin Qars vilayətində Azərbaycan İş Adamları Dərnəyi yaradılıb.
“Report” xəbər verir ki, Türkiyə-Azərbaycan qardaşlığına Qarsdan töhfə vermək məqsədilə qurulan dərnək “bir millət, iki dövlət” şüarıyla sosial, mədəni və iqtisadi sahələrdə fəaliyyətlər göstərəcək.
Qars Azərbaycan İş Adamları Dərnəyinin rəhbəri Zəkəriya Dəmiral təşkilatın rəsmi olaraq qurulduğunu və önümüzdəki günlərdə geniştərkibli toplantılar keçirəcəyini bildirib. O, dərnəyə üzv olmaq istəyənlərin qeydiyyatının başlayacağını da qeyd edib.
Dərnək rəhbərinin sözlərinə görə, Türkiyə və Azərbaycan bir-birindən ayrılmaz qardaş ölkələrdir.
O, Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, o cümlədən, Azərbaycanın Ümummilli lideri, mərhum Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” sözlərini misal gətirərək qeyd edib ki, bu iki önəmli söz bizlərin bir candan olduğunun ən bariz nümunəsidir.
“Bizlər də gerçək mənada fəaliyət göstərəcək və Türkiyə-Azərbaycan qardaşlığına Qarsdan dəstək verəcək bir dərnək yaratdıq. Dərnəyimizin qapısı bütün Qars əhalisi ilə bərabər, azərbaycanlılara da açıq olacaq”, – deyə Dəmiral vurğulayıb.