Müəllim bir dünyadır, müəllim cənnətdir. Onu qiymətləndirməyi bilən tələbə cənnət mələyi olur. Müəllimsiz dünya olar, amma müəllimsiz sivilizasiya heç vaxt elmli ola bilməz.
Bu şərəfli peşə sahiblərindən biri də Niderland Krallığının Rotterdam şəhərində yaşayan Ofeliya xanım Abdullayevadır.
Bu illər ərzində özünü vətən sevdalısı kimi təsdiq edən Ofeliya xanım Vətənimizin dar və sevincli günlərində Ana Vətən Avropa Azərbaycanlıları Qadınları Birliyinin aktiv üzvü kimi Niderlandda, Belçikada, Almaniya və digər ölkələrdə təşkil olunmuş mitinq və aksiyalarda fəal iştirak edib. Ofeliya xanım öz yaşına baxmayaraq, gənc vətənpərvərlərdən heç də geridə qalmir. Aktiv diaspor fəalı kimi bütün tədbir və anım günlərinin iştirakçısıdır.
Təntənəli məclislərdə şeir töhfəsi bəxş edən ziyalımız, burada yaşayan azərbancanlıların sevimlisidir.
Öz həyatına nəzər salanda onu ağuşuna alan, Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi gənclik illərin, doğma Bakı məktəblərində direktor vəzifəsində çalışdığı illərin xoş xatirələridir.
Qanlı 20 Yanvar günü itirdiyi ömür gün yoldaşının yanğısı keçmiş illərin ona əmanət buraxdığı acı xatirələridir. Fədakar ana, qaygıkeş nənə, qürbətdə olan həmvətənlərinə əziz insan olan Ofeliya xanım, qəlbləri hörmətilə fəth edən insanlardandır.
Bu ay 80 illik yubileyini qeyd edən Ofeliya xanım, ona dəyərli olan insanları ətrafına yığmışdır. Bu əziz gündə uşaqdan tutmuş böyüyə qədər hamı onu xoş arzularla təbrik edirdilər.
Hamının sevimlisi olmaq, böyüklə böyük, kiçiklə kiçik olmaq Ofeliya xanımı hamıya sevdirib.
İnsanların etimadını qazanmaq, Vətəndən kənarda yaşayaraq Vətən sevdalısı olmağı hər kəs bacarmır.
Niderlandda fəaliyyət Benilüks Azərbaycanlıları Konqresi və burada fəaliyyət göstərən digər təşkilatlar adından Ofeliya Xanım Abdullayevanı 80 illik yubileyi münasibətilə təbrik edirik. Ona uzun ömür, cansağlığı və diaspor fəaliyyətində yeni uğurlar arzulayırıq.
Gülnarə Əliyeva,
Niderland