Ukraynanın Jitomir şəhərində yaşayan soydaşlarımız Prezident İlham Əliyevin namizədliyini dəstəkləyib
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyinin sədri Rac Qasımov Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Diaspornews.az” Prezidentin saytına istinadla həmin məktubu təqdim edir: “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir nümayəndəliyi qarşıdan gələn növbədənkənar prezident seçkilərində Sizi böyük iftixar hissi ilə dəstəkləyir.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dinamik şəkildə inkişaf edir. Siz daim ölkənin tərəqqisi, vətəndaşların rifahı, regionda, ümumiyyətlə beynəlxalq aləmdə sülh və sabitliyin təmin olunması üçün çalışırsınız. Sizin düşünülmüş və qətiyyətli addımlarınızın nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuşdur.
Biz, Jitomirdə yaşayan azərbaycanlılar bundan hədsiz dərəcədə sevinirik. Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Sizinlə fəxr edirik. İnanırıq ki, Azərbaycan xalqı prezident seçkilərində tarixi seçimini edərək yenidən Sizə – xilaskar Liderinə səs verəcək.
Fürsətdən istifadə edərək diasporun inkişafına, eləcə də xaricdəki azərbaycanlılara göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.
Allah Sizi və xalqımızı qorusun!”