Rusiyanın Nevinnamsk, Solikamsk və Murmansk şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmasının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirləri keçirilib.
Stavropol diyarı “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Nevinnamsk şəhərində baş tutan tədbirdə soydaşlarımız və Azərbaycan həftəsonu məktəbinin şagirdləri iştirak ediblər.
Mərkəzin rəhbəri Fəxrəddin Yarıyev bayramlar münasibətilə soydaşlarımızı təbrik edib və xoş arzularını bildirib. Bildirib ki, 16 dekabr 1991-ci il tarixində ümummilli lidet Heydər Əliyevin elan etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü diasporumuzun birliyində böyük rol oynayıb və hazırda Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Yola saldığımız ilin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpasına nail olunması ilə yadda qalacağı, soydaşlarımızın müstəqil və müzəffər Azərbaycanla qürur duyduqları, qarşıdan gələn növbədənkənar prezident seçkilərində ölkəmizə böyük qələbə sevinci yaşatmış Ali Baş Komandanı dəstəklədikləri vurğulanıb.
Tədbir “Odlar Yurdu” ansamblının və Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin ifasında bədii proqramla yekunlaşıb.
Perm vilayətinin Solikamsk şəhərindəki Azərbaycan diasporunun təşkilatçılığı ilə baş tutan bayram şənliyində soydaşlarımız, yerli sakinlər və övladları iştirak ediblər. Azərbaycan diasporunun rəhbri Uğur Əfəndiyev tədbir iştirakçılarına dünyanın 70-dən çox ölkəsində qeyd olunan Həmrəylik Günü barədə məlumat verib və onları bayramlar münasibətilə təbrik edib. Müxtəlif əyləncəli oyunların təşkil edildiyi tədbirdə uşaqlara bayram hədiyyələri təqdim edilib.
Murmansk şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan mərkəzin sədri Afil Hüseynov diasporumuz üçün ən mühüm bayramlardan birinə mevrilən Həmrəyliyi Gününün yaranma tarixi və mahiyyəti barədə məlumat verib, soydaşlarımızı və qonaqları bayramlar münasibətilə təbrik edib. Tədbirdə çıxış edənlər Murmansk vilayətində “Azərbaycan Mədəniyyət Mərkəzi”nin fəaliyyətini yüksək qiymətləndirib, bayram münasibətilə Azərbaycan xalqının ünvanına xoş arzularını söyləyiblər.
Qeyd edək ki, Afil Hüseynov həm də Murmansk vilayəti İctimai Palayasının, Murmansk vilayətinin qubernatoru yanında Milli Məsələlər üzrə Məşvərət Şurasının və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya şöbəsinin üzvüdür.