Rusiyanın Kirov vilayətindəki soydaşlarımız 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Bununla bağlı Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi sədri Osman Alıyev adından Prezident İlham Əliyevə dəstək məktubu ünvanlanıb.
Məktubda bildirilir: “Möhtərəm cənab Prezident, Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi adından və şəxsən öz adımdan Sizə 2024-cü ilin 7 fevralında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində uğurlar arzulayırıq və səmimi ehtiramlarımızı qəbul etməyinizi xahiş edirik.
Günü-gündən çiçəklənən, dünya standartlarına uyğun inkişaf edən və dünyada Vətənimizin nüfuzunun artmasının şahidi olmaq bizə qürur hissi verir.
Siz, Azərbaycanın müstəqilliyini və bütövlüyünü bərpa etməklə, Qafqaz və dünya siyasətinə yeni bir tarixi səhifə açdığınız müstəsna fəaliyyətlərinizlə Azərbaycanın siyahi tarixində də yeni bir başlığa imza atdınız. Buna görə Sizə Kirov vilayətindəki azərbaycanlılar olaraq dərin minnətdarlığımızı bildiririk.
Məhz Sizin sayənizdə Azərbaycanın Rusiya ilə qarşılıqlı maraqlara söykənən diplomatik və digər sahələrdə tərəfdaşlıq əlaqələri ildən-ilə daha da inkişaf edir. Bütün bunları böyük maraq və qürurla izləyir və hər bir addımınızı fəxrlə dəstəkləməyi özümüzə şərəf bilirik.
Əziz cənab Prezident, böyük əminliklə bildiririk ki, Azərbaycan xalqı güclü idarəetmə qabiliyyətinizə, dövlətin və xalqın gələcəyini müəyyən etməyə yönələn açıq fikirlərinizə görə qarşıdan gələn prezident seçkilərində Sizə səs verəcək.
Dövlətimizin inkişafı və xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşması üçün əzmkar fəaliyyətinizdə Sizə uğurlar diləyirik”.