Dekabrın 16-da Rusiyanın Maqadan vilayətinin qubernatoru Sergey Nosovun iştirakı ilə Milli və mədəni məsələlər üzrə regional ictimai şuranın iclasında 2025-ci ildə görülən işlərin ilkin nəticələri nəzərdən keçirilib və gələn il üçün iş planı müəyyən edilib.
Diaspornews.az xəbər verir ki, iclasda Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramil Rəhimov il ərzindəki fəaliyyətləri haqqında məlumat verib: “Maqadan vilayəti çoxmillətlidir, xalqlarının zəngin mədəniyyəti və adət-ənənələri ilə birləşib, ortaq mənəvi və əxlaqi dəyərlərlə birləşib. Ən əsası bizi birləşdirir: biz bir ölkənin vətəndaşlarıyıq”.
Sonra Ramil Rəhimov qubernator Sergey Nosova İkinci Dünya müharibəsində Azərbaycanın qəhrəman oğulları və onların nəvə-nəticələrinin 44-günlük Vətən müharibəsindəki şücaətindən bəhs edən “Böyük Qələbənin varisləri” (“Наследники Великой Победы”) kitabını təqdim edib. Qubernator Sergey Nosov belə bir kitabda müharibə veteranlarına göstərilən diqqətə görə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, kitabın müəllifi Fuad Hüseynzadəyə, eləcə də Ramil Rəhimova, ümumiyyətlə, Azərbaycan xalqına öz təşəkkürünü bildirib.





























