Yunanstanın Saloniki şəhərində yaşayan Azərbaycan icmasının 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Saloniki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız, yerli ictimaiyyətin və digər icmaların da nümayəndələri iştirak ediblər.
Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxış edib. SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun ermənipərəst və anti-Azərbaycan siyasətinin qanlı 20 Yanvar faciəsi ilə nəticələndiyi, sovet qoşunlarının dinc Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayət törətdiyi barədə geniş məlumat verib. Xalqımızın bu cinayət qarşısında sınmadığı, müstəqillik uğrunda dinc mübarizəsini davam etdirdiyi və qısa müddətdən sonra Azərbaycanın dövlət müstəqilliyinin bərqərar edilməsinə nail olduğu vurğulanıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin Azərbaycan tarixinə təkcə faciə kimi deyil, həm də azadlıq, müstəqillik uğrunda mübarizə və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğu diqqətə çatdırılıb.
Sonra 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş olunub və fikir mübadiləsi aparılıb.