Mayın 28-də Yunanıstanın Saloniki şəhərində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
“Diaspornews.az” xəbər verir ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi tədbirdə azərbaycanlılarla yanaşı, yerli ictimaiyyət nümayəndələri, türk icmasının üzvləri, tələbələr və fəal gənclər iştirak ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Cəmiyyətin sədri Rəşid Məmmədov 28 May – Müstəqillik Gününun tarixi barədə məlumat verib. O, çıxış edərək bildirib ki, 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyətinin yaranması ilə ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yarandı, Azərbaycan xalqı müstəqilliyə qovuşdu. Ölkəmizin dünya birliyinin üzvü kimi tanınması prosesi başladı. Sovet İttifaqı dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Bu gün, bizim vətəndaşı olduğumuz müstəqil və suveren Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir:
“Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dövlət başçımızın siyasəti, igid oğullarımızın şücaəti sayəsində, gündən-günə çiçəklənən, güclənən və sürətlə inkişaf edən Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzulayıram”- Rəşid Məmmədov qeyd etmişdir.
Sonda Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilmiş və qonaqlar üçün çay süfrəsi təşkil olunmuşdur.