Mayın 7-də Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 77-ci ildönümü münasibətilə tədbir keçirilib. “Diaspornews.az” xəbər verir ki, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi tərəfidən təşkil edilən tədbirdə şəhərin mərkəzində ucaldılan 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi ziyarət olunub, bu döyüşlərdə vəfat edən azərbaycanlılar anılıb.
Tədbirdə Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov çıxış edərək İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə azərbaycanıların rolundan danışıb: “İkinci Dünya müharibəsində soydaşlarımız misilsiz qəhrəmanlıqlar göstərib. Xalqımızın igid oğullarının əziz xatirəsini hər zaman dərin ehtiramla yad edirik”.
Daha sonra Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sdəri Murtuz Gülmməmədov, Şimali Osetiya-Alaniya Respublikası parlamenti sədrinin müavini Qari Kuçiyev və digərləri çıxş edərək soydaşlarımızın İkinci Dünya müharibəsində, o cümlədən Şimali Osetiya torpaqlarının qorunması uğurunda gedən döyüşlərdə göstərdikləri şücaətdən danışıblar.
Qeyd edək ki, Vladiqafqazda Orxon qəsəbəsinin Rassvet kəndində Böyük Vətən müharibəsi zamanı azərbaycanlılardan ibarət 3 diviziya döyüşüb. Buna görə də həmin kənddə qəhrəmancasına həlak olan soydaşlarımızın şərəfinə Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi tərəfindən xatirə abidəsi qoyulub. 9 mayda soydaşlarımız bu abidəni də ziyarət ediblər. Nəzərə çatdıraq ki, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun təşəbbüsü ilə orada böyük heykəl ucaldılacaq.