Moskvadakı “Eldar” kinoteatrında görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, filmin təqdimatı mərasimində tanınmış mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri və diaspor üzvləri iştirak ediblər. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin dəstəyi ilə “Baku Media Center” tərəfindən lentə alınmış ekran əsəri “Tağıyev” çoxseriyalı layihəsinin birinci hissəsidir. Filmdə XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda və ölkənin bölgələrində baş verən mühüm tarixi hadisələr təsvir olunub. Bədii filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru isə Zaur Qasımlıdır. Rolları Xalq artistləri Pərviz Məmmədrzayev və Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva da daxil olmaqla geniş aktyor heyəti ifa edib.

Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti tamaşaçıların suallarını cavablandırıb və çəkiliş prosesi barədə məlumat verib. Rejissor Zaur Qasımlı qeyd edib ki, filmin Moskvada nümayişi onun üçün əlamətdar hadisədir və tamaşaçıların reaksiyası gözləntiləri aşıb; ekran əsəri canlı reaksiya və aktiv müzakirələrə səbəb olub. O bildirib ki, film həm Hacı Zeynalabdin Tağıyevi tanıyanlar, həm də onu ilk dəfə kəşf edənlər üçün uyğundur və bu, Rusiyada bütün seriyaların gələcək nümayişləri istiqamətində atılan ilk addımdır. Rejissor Moskva nümayişinin təşkilində göstərdikləri köməyə görə filmin prodüseri Arzu Əliyevaya, Heydər Əliyev Fonduna və bütün çəkiliş heyətinə, eləcə də Beynəlxalq Münasibətlərin İnkişafı üzrə “Poliloq” Fonduna minnətdarlığını bildirib.
Baş rolu canlandıran Pərviz Məmmədrzayev vurğulayıb ki, Tağıyevin obrazı azərbaycanlıların şüurunda dərin kök salıb və aktyorun məqsədi bu qavrayışı qorumaqla yanaşı, öz bədii təfsirini də təqdim etmək olub. O qeyd edib ki, rolun ifasına hazırlaşmaq prosesində əhəmiyyətli dəyişiklik tələb olunurdu; obrazı canlandırmaq üçün görünüşü dəyişdirmək və təxminən 12 kiloqram çəki almaq lazım idi. Aktyorun sözlərinə görə, səkkiz ay davam edən yaradıcılıq prosesi tamamilə Tağıyevin şəxsiyyətini araşdırmağa yönəlmişdi və çəkilişlər başlamazdan əvvəl rejissorla uzunmüddətli məşqlər aparılmışdı.

Xatırladaq ki, Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Gülnarə Rəhimova da filmin təqdimatında iştirak edib. Gülnarə Rəhimova filmlə bağlı təəssüratlarını saytımıza bölüşüb. Onun sözlərinə görə, film yalnız tarixi faktların təqdimatı ilə kifayətlənmir, eyni zamanda Tağıyevin şəxsiyyətinin dərinliyini, onun xalqına olan bağlılığını və gördüyü xeyriyyə işlərinin miqyasını emosional şəkildə əks etdirir. Gülnarə Rəhimova qeyd edib ki, ekran əsərində həm neft sənayesinin inkişafı, həm də həmin dövrdə cəmiyyətin sosial problemləri fonunda Tağıyevin rolu aydın şəkildə göstərilib.
O vurğulayıb ki, film müasir nəsil üçün böyük maarifləndirici əhəmiyyət daşıyır: belə ki, Tağıyev kimi şəxsiyyətlərin həyat yolu gənclərə həm vətənpərvərlik, həm də sosial məsuliyyət baxımından nümunə ola bilər. Rəhimova filmin yüksək peşəkarlıqla çəkildiyini, aktyor oyununun və bədii həllərin isə tamaşaçıda güclü təəssürat yaratdığını xüsusi qeyd edib.
O bildirib ki, bu cür layihələrin beynəlxalq platformalarda təqdim olunması Azərbaycan tarixinin və mədəni irsinin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.





























