Yanvarın 7-dən etibarən Türkiyənin “TRT TÜRKÜ” radiosunda “Azərbaycan ruzigarı” proqramı yayımlanacaq. Proqramda Azərbaycanın xalq mahnıları və milli muğamlarımız səsləndiriləcək.
Bu barədə AZƏRTAC-a layihənin müəllifi, azərbaycanlı telejurnalist Səidə Ömər məlumat verib.
O deyib: “Azərbaycan mədəniyyəti hər zaman Türkiyə ictimaiyyətinin marağındadır. Bu gün UNESCO-nun Dünya İrsi Siyahısında yer alan qədim musiqi alətlərimiz var. Azərbaycan musiqisi, xüsusilə muğamlarımız, xalq mahnılarımız Türkiyədə həddindən artıq çox sevilir və sənətçilərinin ifalarında tez-tez səslənir. Qardaş Türkiyədə ölkəmi təmsil etməkdən qürur hissi keçirirəm. Türkiyənin dünyadakı nüfuzu, coğrafi yerləşməsi, həm də bir çox başqa səbəblərdən “Azərbaycan ruzigarı”nın sədalarının ölkə xaricinə çıxacağına çox inanıram. Proqramımız vasitəsilə Azərbaycanın ustad xanəndələri və musiqiçilərinin ifaları ilə dinləyicilərə xoş ovqat verməyə çalışacağıq. Təbii ki, “Azərbaycan ruzigarı” proqramının digər prinsiplərini də radio dinləyicilərinə uyğun formata salaraq təqdim edəcəyik. Proqram çərçivəsində Azərbaycan ədəbiyyatından şeirlər səsləndiriləcək, valehedici coğrafiyamız və zəngin mədəniyyətimiz haqqında da məlumatlar veriləcək, tarixi günlərimiz yad ediləcəkdir. Odur ki, hər kəsi qarşıdan gələn ilin yanvar ayından etibarən “TRT TÜRKÜ” radiosunu dinləməyə dəvət edirəm. Vətənimin hər bir fərdini qarşıdan gələn Həmrəylik Günü münasibətilə ən səmimi arzularımla təbrik edir, azərbaycanlı olduğum üçün fəxr edirəm”.
Səidə Ömər Azərbaycan mədəniyyətinin Türkiyə radiosunda təbliğinə göstərdikləri dəstəyə görə “TRT” media qurumuna və TRT İstanbul Radiosunun müdiri Ali Fuad Gülməzə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, proqram 2024-cü il yanvarın 7-dən etibarən həftənin hər bazar günü Türkiyə vaxtı ilə saat 23.30-da yayımlanacaq.
Xatırladaq ki, Səidə Ömərin müəllifi olduğu “Azərbaycan ruzigarı” verilişi 2018-2023-cü illər ərzində Türkiyə telekanallarından birində Azərbaycan ədəbiyyatını, mədəniyyətini və coğrafiyasını təbliğ edib. “TRT TÜRKÜ” radiosunda yayımlanacaq proqram “Azərbaycan ruzigarı” layihəsinin yeni formatıdır.