Ağa Ağayev: “Ana dilinin qorunması məsələsi xaricdəki hər bir soydaşımız üçün önəmlidir”
Layihə çərçivəsində Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Ağa Ağayevlə müsahibəni təqdim edirik. Xatırladaq ki, Ağa Ağayev 1978-ci ildə Füzuli rayonunda anadan olub. Ali təhsillidir. 20 ildən arıqdır ki, Almaniyada yaşayır. Evlidir, 3 oğul övladı var və onlar Almaniyda doğulub boya-başa çatsalar da hər biri Azərbaycan dilində sərbəst danışırlar.
– Vətənə bağlılıqda ana dilinə sevgi nə dərəcədə önəmlidir?
– Dünyanın harasından yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının bir vətəni var-Azərbaycan. Möhtəşəm himnimiz də müqəddəs “Azərbaycan” kəlməsilə başlayır. Vətənə bağlılıq, dövlətə və dövlətçiliyə əhəmiyyətli dərəcədə xidmət etmək hər bir azərbaycanlının müqəddəs amalı və vəzifəsidir. Sevgilərin ən dəyərlisi olaraq vətəni, ana dilini sevmək, onu daima düşünmək və eyni zamanda çiçəklənməsi üçün çalışmaq bir nömrəli vəzifə kimi insanlarımız qarşısında durmalıdır. Çünki Azərbaycan dili bizim milli kimliyimizdir. Vətənə bağlılıq məhz elə ana dilinə sevgidən qaynaqlanır.
– Ana dilimiz azərbaycançılıq ideologiyasında özünü necə büruzə verir?
– Faktdır ki, dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Əlbəttə, azərbaycançılığın milli mahiyyətini xalqımızın milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər, ana dilimiz və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qoruması təşkil edir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir. Ana dilinin varlığı, anadilli məktəblərin formalaşdırılması, milli mədəniyyətimizin təşəkkülü azərbaycançılığın əsas hərəkətverici qüvvəsi kimi özünü təqdim edib.
– Xaricdəki azərbaycanlı uşaq və gənclərdə ana dilinə sevgi hissi oyatmaq üçün valideynlərin üzərinə hansı məsuliyyət düşür?
– Hazırda azərbaycanlılar dünyanın dörd bir yanında yaşayıb-yaradırlar. Onların arasında həkimlər, müəllimlər, mühəndislər və başqa sənət sahibləri var. Eyni zamanda yaşadıqları ölkələrdə körpələr dünyaya gətirmişlər, bu da təqdirəlayiqdir. Ancaq bu uşaqları Azərbaycana bağlı ruhda böyütmək və onlarda ana dilinə sevgi hissi oyatmaq lazımdır. Bunun üçün birinci növbədə valideynlərin üzərinə çox böyük məsuliyyət və vəzifə düşür. Hər bir evdə Azərbaycanın dövlət bayrağı olmalıdır və dövlət himnimiz əzbərlənməlidir. İnsan harada yaşmasından asılı olmayaraq milli kimliyini, ana dilin, vətənini heç vaxt unutmamalıdır. Milli mənsubiyyəti olmayan, ana dilini bilməyən, azərbaycançılıq ruhu olmayan insan vətənini sevə bilməz.
Azərbaycanın tarixini, ərazi bütövlüyünü, həmçinin ana dilimizi həmişə təbliğ etmək ziyalılarımızın, ümumiyyətlə, hər birimizin borcudur. Diasporumuz ana dilində dərs ləvazimatları, kitablar və ədəbiyyatlardan istifadə etməklə övladlarında Azərbaycan dilinə sevgi yaratmalıdır. Bu da birinci növbədə evlərdən və valideynlərin təbliğindən başlayır. Dövlətimiz də bu yolda Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə müəyyən işlər görür. Həmin ədəbiyyatların, dərs ləvazimatlarının azərbaycanlıların yaşadıqları ölkələrə göndərilməsi və onlardan istifadə edilməsi çox əhəmiyyətlidir. Bu işlərin yerlərdə həyata keçirilməsi maarifləndirməyin və təbliğatın əsasıdır.
– Bəzi ölkələrdə azərbaycanlı uşaqların əksərəyyəti ana dilimizdə danışmaqda çətinlik çəkirlər. Bu, milli diasporun inkişafı üçün nə dərəcədə təhlükəlidir?
– Ana dilinin qorunması məsələsi xaricdəki hər bir soydaşımız üçün önəmlidir. Xaricdəki azərbaycanlı gənc nəslin dil problemi, demək olar ki, bütün ölkələrdə var. Biz Almaniyada uşaqlarımızın assimilyasiya olmaması üçün mübarizə aparırıq. Bunun üçün də öncə onların dilimizi bilməsi vacibdir. Artıq bu məsələnin həlli yolunda da mühüm addımlar atılıb. Düşünürəm ki, xaricdə həftəsonu Azərbaycan məktəblərinin sayını artırmaq lazımdır. Çünki burada tariximiz, mədəniyyətimiz, adət-ənənələrimizlə yanaşı, ana dilimiz də uşaqlara öyrədilir. Xarici ölkələrdə yaşayan övladlarımız və gənclərimiz birinci növbədə ana dilimizi mükəmməl bilməlidirlər. Bu mütləqdir. Ana dilini bilməyən ana vətənin nə olduğunu dərk etməz. Dövlətə və dövlətçiliyin qorunmasına xidmət hər bir azərbaycanlının borcudur.
Fürsətdən istifadə edərək, “Ana dilini unutmuruq” layihəsini həyata keçirdiyinə görə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinə və layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümüzü bildiririk.
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının və dövlət qurumlarının xaricdə ana dilimizin təbliğinə göstərdiyi diqqət bizim məsuliyyətimizi daha da artırır və bu, bizə ana dilimizin təbliği istiqamətində əlavə motivasiya verir.
Cavid Şahverdiyev
Müsahibə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana dilini unutmuruq” layihəsi çərçivəsində hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.





























