image-2000x150
image-img-20220131-wa0043backend

“Wikipediya”da Əzizə Cəfərzadə haqqında özbək dilində bölmə yaradıldı

image-768x150

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Aləmdə səsim var mənim” adlı layihənin icrası məqsədi ilə XX əsrin Azərbaycan ədəbiyyatında xüsusi çəkisi olan görkəmli yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında  Özbək dilində bölmə yaradılıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Wkipediya” heyəti tərəfindən yaradılmış bölmədə Ə.Cəfərzadənin həyatı, yaradıcılığı, folklor sahəsində apardığı tədqiqatlar, yaratdığı əsərlər, romanlar, hekayə və nağıllar, habelə onların siyahısı və s. məlumatlar yer alıb.
Qeyd olunur ki, Əzizə Cəfərzadə müxtəlif janrlarda yazmasına baxmayaraq, Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi yadda qalıb. Yazıçı əsərlərində qədim dövrlərdən başlayaraq XX əsrə qədər Azərbaycan tarixinin mürəkkəb keçməkeşli hadisələri öz əksini tapmışdır. Əzizə Cəfərzadə tarixi təkcə faktlarla deyil, özünün qeyri-adi fantaziyası, təsvir etdiyi dövrün bədii mənzərəsini yaratmaqla nail olmuşdur.
Yaradılan bölmədə vurğulanır ki, Əzizə Cəfərzadə müasir Azərbaycanın nəsr tarixinin roman janrını yenidən həyata gətirərək onu öz əsərləri ilə zənginləşdirmişdir. Onun əsərlərinin hər birində, xüsusilə tarixi romanlarında Vətən sevgisi, torpaq yanğısı, xalq məhəbbəti özünü aşıq şəkildə büruzə verir.
“Wikipediya” Elektron Ensiklopediyasında yaradılan Əzizə Cəfərzadə haqqında Özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Aziza_Jafarzoda linkində tanış olmaq mümkündür.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı 1501” romanı Özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsər Özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən çevrilir. Mədəniyyət Mərkəzi sözügedən əsərin Özbəkistanda nəşrini planlaşdırır.
Azərbaycan Mədəniyyət Mərkəzi bu il Daşkənddə görkəmli yazıçı, tarixi əsərlər müəllifi tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransın da keçirilməsini nəzərdə tutur. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən Türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı nəzərdə tutulur.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki