Ukraynanın ikinci böyük Xarkov şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş fotosərgi açılıb.

“Diaspornews.az” “Azərtaca”a istinadən xəbər verir ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu tərəfindən təşkil olunan fotosərginin rəsmi açılış mərasimində Xarkov Vilayət Dövlət Administrasiyasının, Xarkov Vilayət Şurasının, Xarkov Şəhər Şurasının, yaradıcılıq birliklərinin, ali təhsil ocaqlarının, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Ukrayna və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov çıxışında o zaman Bakıda yaranmış vəziyyətdən, yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrdən danışıb. O bildirib ki, faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza böyük dayaq və təsəlli olmaqla, onun mübarizə əzmini daha da yüksəltdi, Qorbaçovu Konstitusiyanı pozmaqda ittiham etdi.
Əfqan Salmanov çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şərəfli qələbədən danışaraq ölkəmizin bütövlüyü uğurunda canlarını qurban verən bütün şəhidlərimizin xatirəsinin daima əziz tutulduğunu qeyd edib.
Sonra iştirakçılar 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmə baxıblar.

image-16426631754645847426_750x500