image-2000x150
image-2222backend

Yeraltı sərvətlərdən milli iqtisadi gücə

image-768x150

Prezident İlham Əliyev: “Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək”

Azərbaycan iqtisadiyyatının qarşıdakı mərhələdə əsas hədəflərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin təbii resurslarının daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə bu baxımdan mühüm istiqamətləri ortaya qoydu. Müşavirədə səsləndirilən fikirlər göstərir ki, qarşıdakı dörd il üçün qarşıya qoyulan məqsəd yalnız yeni yataqların istismara verilməsi və filiz hasilatının artırılması ilə məhdudlaşmır.

Dövlət proqramının miqyası qarşıya qoyulan maliyyə və istehsal göstəricilərində də aydın görünür. 2027–2030-cu illərdə proqram çərçivəsində ümumilikdə 5,3 milyard manat investisiyanın həyata keçirilməsi nəzərdə tutulur. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl sektorun vəsaiti hesabına formalaşması planlaşdırılır. Beləliklə, investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi nəzərdə tutulur. Proqramın 2030-cu ilədək əsas hədəflərindən biri dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata yüksəldilməsidir. Sektorun illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması planlaşdırılır. Bu göstəricilər sözügedən sahənin Azərbaycanın qeyri-neft iqtisadiyyatında daha böyük çəkidə yer tutmasının nəzərdə tutulduğunu göstərir. Prezident İlham Əliyev proqramın icrası nəticəsində beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı, gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyi qeyd edilib. Bu rəqəmlər bir məqamı xüsusilə ön plana çıxarır: söhbət ayrı-ayrı mədən layihələrindən deyil, mədənçilikdən metallurgiyaya qədər bütöv sənaye ekosisteminin formalaşdırılmasından gedir.

Azərbaycan son iki onillikdə enerji infrastrukturu və ixrac imkanlarının genişləndirilməsi istiqamətində böyük layihələr həyata keçirib. Prezidentin müşavirədə qeyd etdiyi kimi, hazırda ölkədə qazlaşmanın səviyyəsi 96 faizdir və Azərbaycan 25 milyard kubmetrdən çox təbii qaz ixrac edir. Bu göstəricilər ölkənin enerji təminatında əldə etdiyi imkanların miqyasını nümayiş etdirir.  Lakin iqtisadi inkişafın uzunmüddətli perspektivində enerji sektorunun yaratdığı imkanlardan istifadə etməklə yanaşı, yeni sənaye istiqamətlərinin formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Elə buna görə də dağ-mədən və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi baxımından diqqət çəkir. Prezidentin çıxışında qeyri-neft sektorunun cari ilin ilk səkkiz ayında 5,4 faiz artdığı bildirilib. Burada əsas məsələ həmin artımın dayanıqlı və uzunmüddətli xarakter almasıdır. Yeni dövlət proqramlarının məqsədi də məhz istehsal, investisiya və ixrac imkanlarını genişləndirərək qeyri-neft iqtisadiyyatının strukturunu daha da gücləndirməkdir.

Dağ-mədən sənayesinin inkişafında Qarabağ və Şərqi Zəngəzurun xüsusi yeri var. İşğal illərində bu ərazilərin iqtisadi potensialından Azərbaycanın inkişafı naminə istifadə etmək mümkün olmayıb. Eyni zamanda, təbii sərvətlərə və meşə fonduna ciddi ziyan vurulduğu barədə Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlar var. Prezident İlham Əliyev müşavirədə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında işğal dövründə 60 min hektar meşə fondunun məhv edildiyini bildirib.  Bu gün isə həmin ərazilər yenidən iqtisadi dövriyyəyə cəlb olunur. Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqları ilə bağlı layihələr proqramın mühüm istiqamətlərindəndir. Ağdərədə artıq işlərin başladığı, Kəlbəcər və Zəngilanda isə qarşıdakı dövrdə işlərin genişləndirilməsinin nəzərdə tutulduğu açıqlanıb. Burada söhbət yalnız mədənlərin istismarından getmir. Əsas məqsəd hasilatın ardınca zənginləşdirmə, emal və mümkün olduğu hallarda son məhsul istehsalının da ölkə daxilində təşkil edilməsidir. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurun bərpasına iqtisadi ölçü də qazandırır. Yeni sənaye müəssisələrinin yaradılması həmin ərazilərdə məşğulluğun artmasına, xidmət sektorunun genişlənməsinə, logistika və infrastruktur layihələrinin sürətlənməsinə təsir göstərə bilər.

Proqramın əsas layihələri arasında Balakən rayonundakı “Filizçay” polimetal yatağı, “Daşkəsən” dəmir filizi layihəsi, “Söyüdlü”, “Dəmirli” və digər yataqlar xüsusi yer tutur. “Filizçay” yatağının iqtisadi dövriyyəyə cəlb edilməsi mis, sink və qurğuşun üzrə istehsal və ixrac imkanlarını genişləndirə bilər. Dövlət proqramında bu yatağın istismara hazırlanması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.  “Daşkəsən” layihəsində isə daha geniş istehsal zəncirinin yaradılması planlaşdırılır. Burada dəmir filizinin hasilatı, zənginləşdirilməsi, pelet istehsalı və isti briketləşdirilmiş dəmir istehsalının təşkili nəzərdə tutulur. Proqram təqdimatında isti briketləşdirilmiş dəmir istehsalı üzrə illik 2 milyon ton gücün yaradılması planı açıqlanıb. Belə bir zəncirin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan filizi sadəcə xammal kimi ixrac etmək əvəzinə onu ölkə daxilində daha yüksək əlavə dəyərə malik məhsula çevirə bilər. Bu isə metallurgiyanın digər sahələrinin də inkişafına stimul yarada bilər.

Dövlət proqramının digər mühüm istiqaməti alüminium sənayesidir. Prezident İlham Əliyev proqram çərçivəsində alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılmasının qarşıya məqsəd qoyulduğunu bildirib.  Proqram təqdimatında isə Elektroliz zavodunun illik gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının 20 min tondan 50 min tona çatdırılması, həmçinin kalsinasiya, anod bişirmə və karbon anod bloklarının istehsalı üzrə yeni güclərin yaradılması nəzərdə tutulduğu açıqlanıb Bu, iqtisadi baxımdan mühüm yanaşmadır. Çünki metallurgiyada gəlirin və rəqabət qabiliyyətinin böyük hissəsi yalnız xammalın mövcudluğu ilə deyil, onun nə dərəcədə emal olunması ilə müəyyən edilir. Eyni miqdarda xammaldan daha yüksək emal səviyyəli məhsul istehsal etmək daha böyük əlavə dəyər və daha geniş ixrac imkanları yarada bilər.

Proqramın mühüm xüsusiyyətlərindən biri dövlət və özəl kapitalın paralel şəkildə cəlb edilməsidir. Prezidentin çıxışında işlərin həm dövlət xətti ilə, “AzerGold” vasitəsilə, həm də özəl sektorun iştirakı ilə aparılacağı bildirilib. Xarici investorların da geoloji kəşfiyyat və digər layihələrə cəlb edilməsi imkanları açıq saxlanılır.  Bu model xüsusilə kapital tutumlu dağ-mədən sənayesi üçün əhəmiyyətlidir. Çünki yeni yataqların aşkar edilməsi, geoloji kəşfiyyat, mədən infrastrukturu, emal müəssisələri və logistika böyük həcmdə uzunmüddətli investisiya tələb edir.

Dövlət proqramının investisiya strukturunda özəl və digər qeyri-büdcə mənbələrinin əhəmiyyətli paya malik olması da bu yanaşmanı təsdiqləyir. Dövlət burada yalnız investor deyil, həm də tənzimləyici, infrastruktur yaradan və investisiya mühitini formalaşdıran tərəf kimi çıxış edir.

Azərbaycan qarşıdakı dörd ildə dağ-mədən və metallurgiya sənayesində yeni mərhələyə qədəm qoymağa hazırlaşır. 5,3 milyard manatlıq investisiya planı, 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 1,8 milyard manata, ixrac potensialının 3,4 milyard manata çatdırılması hədəfi və beş mindən çox yeni daimi iş yerinin yaradılması planı bu istiqamətin miqyasını göstərir. Əsas məsələ isə rəqəmlərin özündən daha genişdir. Söhbət Azərbaycanın iqtisadi modelində xammal ixracından daha yüksək əlavə dəyər yaradan istehsala keçidin sürətləndirilməsindən gedir.

Qızıl, mis, molibden, dəmir filizi, polimetal və alüminium kimi resursların iqtisadi dövriyyəyə cəlb edilməsi yalnız mədən sənayesinin deyil, metallurgiyanın, logistikanın, xidmət sektorunun, kadr hazırlığının və regionların inkişafının da yeni imkanlarını formalaşdıra bilər. Dövlət proqramının qarşıya qoyduğu əsas xətt — “xammal hasil etməkdən daha çox, xammaldan dəyər yaratmaq” — məhz bu yeni mərhələnin mahiyyətini ifadə edir. Qarşıdakı dörd il isə bu strategiyanın konkret istehsal, investisiya və ixrac nəticələrinə çevrilməsi baxımından həlledici dövr olacaq.

 

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki