Azərbaycanın Küveytdəki səfirliyində Zəfər Gününün ikinci ildönümü münasibətilə tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Küveytdə yaşayan və təhsil alan soydaşlarımız, Türkiyənin Küveytdəki səfiri xanım Tuba Nur Sönməz, Şimali Kipr Türk Cümhuriyyətinin Küveytdəki səfiri Atınç Keskin, Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı Dövlət Arxivinin rəhbəri professor doktor Uğur Unal, Küveyt və Ərəb Elektron Media Birliyinin sədri Feysəl Xəlifə Əl-Səvvağ, yerli ictimaiyyət və media nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra 44 günlük Vətən müharibəsində, o cümlədən Ermənistanın təxribatları nəticəsində həlak olmuş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

image-16-07-52-16680044535802319443_750x500
Azərbaycanın Küveytdəki müvəqqəti işlər vəkili Vidadi Həsənov bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğal altında olan torpaqlarımız işğaldan azad olunub. Azərbaycan xalqının əzmi və iradəsi, ölkəmizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz cəmi 44 gün ərzində düşmən tapdağında olan şəhər və kəndlərimizi daşnak tör-töküntülərindən təmizləyib, qəhrəman əsgər və zabitlərimiz addım-addım irəliləyərək düşməni diz çökdürüb, işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib. Bunun ardınca Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycana qaytarılıb, beləliklə də, ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Diplomat 44 günlük Vətən müharibəsi zamanı Qardaş Türkiyənin Azərbaycan xalqının yanında olduğunu və həmişə olduğu kimi, bu dəfə də bizim kədər və sevincimizi bölüşdüyünü vurğulayıb. O qeyd edib ki, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə, beynəlxalq arenaya çatdırılmasında Türkiyə xəbər agentliklərinin, televiziya kanallarının böyük rolu olub. Qardaş ölkənin şirkətləri Vətən müharibəsindən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərin bərpasında və yenidən qurulmasında yaxından iştirak edir, Prezident Rəcəb Tayyib Ərdoğan Zəngilan və Füzuli şəhərlərində inşa edilmiş beynəlxalq hava limanlarının açılışlarında iştirak edib. Müharibədə yaralanmış qazilərimiz də Türkiyənin səhiyyə ocaqlarında müalicə alırlar.
Türkiyənin Küveytdəki səfiri Tuba Nur Sönməz bildirib ki, Şuşanın, ümumilikdə Qarabağın azad edilməsi, təkcə, Azərbaycanın deyil, türk dünyasının da Qələbəsidir və bu Zəfər hər iki qardaş ölkənin qürur mənbəyidir. O əlavə edib ki, Ermənistan 30 ilə yaxın dünyanın gözü qarşısında işğal siyasəti aparıb, beynəlxalq ictimaiyyət dinc insanların qətl edilməsi, şəhər və kəndlərin, tarixi abidələrin dağıdılması faktlarına etinasız yanaşıb. Azərbaycan və Türkiyə bu işğala diqqət çəkmək üçün beynəlxalq platformalarda ciddi mübarizə aparıb və diplomatiyanın bütün imkanlarından istifadə edilib. Diplomatik səylər nəticəsiz qaldıqda isə, Azərbaycan öz imkanları və Türkiyənin dəstəyi ilə 44 gün ərzində 30 illik işğala son qoyub. Bu hərbi əməliyyatlar və torpaqların azad edilməsi beynəlxalq hüquq normalarına uyğun olub, Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək işğal altındakı torpaqlarını geri qaytarıb və döyüş meydanında qələbəsini üçtərəfli Bəyanatla rəsmiləşdirib. Vurğulayıb ki, qardaş Azərbaycan uzun illər kağız üzərində qalan BMT-nin qətnamələrini özü icra edib.
Tədbirin keçirildiyi zalda şəhidlərin fotoşəkillərindən ibarət videoslayd nümayiş etdirilib, Vətən müharibəsi və “Şuşa İli”nə həsr edilmiş fotostendlər quraşdırılıb. Bundan başqa, səfirlik tərəfindən Vətən müharibəsinə həsr edilmiş “Tarixdə 44 gün” adlı ərəb dilində kitab, o cümlədən 2022-ci ilin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı ərəb dilində hazırlanmış “Şuşa: Azərbaycan Mədəniyyətinin Paytaxtı, Qarabağın İncisi” adlı broşür, bir sıra digər çap materialları iştirakçılara paylanılıb.

image-16-09-05-fheginowiaabovg
Zəfər Günü münasibətilə səfirlik tərəfindən hazırlanmış məlumat və məqalə Küveytdə ərəb dilində gündəlik nəşr edilən “Dasmannews.com”, “Bobiannews”, “q8-press.com” elektron media portallarında dərc edilib.

image-16-09-00-fhegicvxoaafnx2