image-2000x150
image-611daf15-6f64-4e27-9043-21ffc9d02503backend

Zəfər Günü münasibətilə Osloda keçirilən rəsmi qəbulda “The Great Return-Şuşa” (Böyük Qayıdış Şuşa) layihəsinə start verilib

image-768x150

Zəfər Günü münasibətilə Osloda keçirilən rəsmi qəbulda “The Great Return-Şuşa” (Böyük Qayıdış Şuşa) layihəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatı tərəfindən həyata keçirilən bu layihə Qarabağ regionunda baş verən hadisələrin tanıdılması ilə yanaşı, xalqımızın mədəniyyəti haqqında məlumatlandırma və yerli ictimaiyyətin onunla daha yaxından tanış edilməsi üçün işlərin aparılmasını nəzərdə tutur.

Oslo mərkəzində baş tutan layihənin açılış mərasimində burada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, yerli siyasətçilər və müxtəlif siyasi partiya habelə, akademik və ictimai dairələrin nümayəndələri iştirak ediblər.

Vətən müharibəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə çıxış edən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur rəhbərlik etdiyi təşkilat haqda məlumat verib, yeni layihə ilə qarşıya qoyulan məqsədlərə toxunub. O bildirib ki, “CAN” diaspor təşkilatı əvvəl olduğu kimi Norveç və Azərbaycan arasında mədəni və ictimai müstəvidə əlaqələrin daha da güclənməsi, habelə mədəni körpülərin qurulması prosesini davam etdirir. Diaspor fəalının sözlərinə görə, “The Great Return-Şuşa” (Böyük Qayıdış Şuşa) layihəsi hər bir azərbaycanlı üçün vacib olan Zəfər Günündə başlaması heç də səbəbsiz deyil. Belə ki, torpaqlarımızın azad olunmasından sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya digər şəhər və kəndlərimizdə olduğu kimi insanların qayıdışına hazırlıq işləri görülür.

Sonra çıxış edən Türkiyə Cümhuriyyətinin səfiri Fazlı Çorman və Azərbaycanın İsveç və Norveç üzrə səfirliyinin müşaviri Cavanşir Məmmədov 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi barəsində danışıb. Bildirilib ki, münaqişənin bitməsi ilə Qafqaz regionunda gələcəyə yönəlmiş iri yenidənqurma və tikinti işləri başlayıb. İşğala və dağıntıya məruz qalmış torpaqlarımızda irimiqyaslı təmizləmə və tikinti işləri aparılır. Artıq yeni hava limanları, yollar və qəsəbələr tikilərək regiona həyat qaytarılır.

Ardınca çıxış edən Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov və Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev Vətən müharibəsi və Zəfər Günü ilə bağlı məlumatverici təqdimatlar ediblər.

Bədii hissədə Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran pri” mükafatçısı,  Avstriya Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli öz ifası ilə mərasim iştirakçılarına xoş anlar yaşadıb.

Tədbir çərçivəsində həm də “Baku Media Center”in, Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin hazırladığı videomateriallar nümayiş olunub və qonaqlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, böyük marağa səbəb olan “The Great Return-Şuşa” (Böyük Qayıdış Şuşa) layihəsi Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə Gənclər Fondu tərəfindən maliyyələşdirilir.

 

  

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki