Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə qəzet, informasiya agentlikləri, xəbər portalları, televiziya və radio qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər.
Görüşü açan Mərkəzin direktoru Akif Marifli Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin media sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını bildirib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi siyasət nəticəsində hər iki ölkədə kütləvi informasiya vasitələrinin inkişafına və jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir.
Akif Marifli qeyd etmişdir ki, Mərkəzin təşəbbüsü ilə artıq uzun illərdir Özbəkistan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələri üçün Azərbaycan Respublikasına mediatur səfərləri təşkil olunur. Bu səfərlər çərçivəsində Azərbaycanla bağlı mövzuların obyektiv və geniş şəkildə işıqlandırılması, habelə iki xalq arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, mədəniyyətin və xalq diplomatiyasının təbliğində fəal iştirak edən jurnalistlər hər il Mərkəz tərəfindən müvafiq qaydada mükafatlandırılırlar.
O vurğulamışdır ki, Mərkəz informasiya sahəsində əməkdaşlığın davamlı, sistemli və institusional əsasda inkişaf etdirilməsinə xüsusi önəm verir.
Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurod Salimov çıxışında iki ölkə arasında media əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıb. O bildirib ki, peşəkar əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi obyektiv informasiya mühitinin formalaşmasına, eləcə də qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir. Sədr qeyd edib ki, Azərbaycan mövzusunun Özbəkistan mediasında daha fəal işıqlandırılması xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir və informasiya əməkdaşlığının davamlı xarakter almasına şərait yaradır.
Görüş zamanı Azərbaycan mövzusunun Özbəkistan kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, birgə layihələrin hazırlanması və jurnalistlər arasında təcrübə mübadiləsinin davam etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.































