Türkiyədə yaşayan Qarabağ qazisi, ehtiyatda olan polkovnik Akif Qasımov, tanınmış hüquqşünas, akademik Zeki Arıtürkün dəvəti ilə Dünya Ticarət Mərkəzində yerləşən elmi araşdırma və hüquq ofisində görüş keçirib.
Məlumat üçün qeyd edək ki, hörmətli qazimiz qardaş ölkədə, Cihat Yaycı paşanın rəhbərlik etdiyi Türk DEGS Mavi Vətən Mərkəzində Qafqaz üzrə hərbi ekspert və Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi kimi fəaliyyət göstərir, eyni zamanda diaspora işlərində yaxından iştirak edir.
Zeki Arıtürk hüquq sahəsində karyerasına Ankarada başlayıb, müxtəlif vəzifələrdə çalışıb. Hazırda Marmara Universitetində müəllim kimi fəaliyyət göstərərək gənc hüquqşünasların yetişməsinə töhfə verir. Bununla yanaşı, İstanbul Rumeli Universitetinin Mütevelli Heyətinin üzvü kimi təhsil sahəsində aktiv rol oynayır. Onun rəhbərlik etdiyi hüquq bürosu müxtəlif sahələr üzrə peşəkar hüquq xidmətləri təqdim edir. Eyni zamanda, Turkish E-Sports Federation (TESFED) Hüquq Şurasının üzvü kimi e-idman sektorunun hüquqi inkişafına dəstək verir.

Görüş zamanı akademik Zeki Arıtürk apardığı elmi tədqiqatın əsas mövzusunun Qarabağ Vətən Müharibəsi olduğunu bildirib (Tez konusu: KARABAĞ SAVAŞINDA TÜRK DEVLETLERİNİN ROLÜ VE SAVAŞIN TÜRK DÜNYASI
İLİŞKILERINE YANSIMALARI). O, Azərbaycan ordusunun müharibə dövründə göstərdiyi qəhrəmanlıq nümunələrinin onda xüsusi maraq doğurduğunu vurğulayıb. Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir Yumruq” əməliyyatını böyük zəfərlə nəticələnən strateji uğur kimi dəyərləndirərək, onu son yüzilin “fatihi” kimi xarakterizə edib.
Daha sonra görüşdə Türk Dövlətləri Təşkilatının fəaliyyəti, eləcə də Türk dünyasının gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Türkiyə və Azərbaycan xalqları arasında mövcud olan qardaşlıq münasibətlərinin dərin tarixi köklərə söykəndiyi, müasir dövrdə isə bu münasibətlərin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə daha da möhkəmləndiyi xüsusi olaraq qeyd edilib.





























