image-2000x150
image-lafonacw-g2yyi3kbhwoa70k4ykkos-6bxthu7naodqdffsqchqxidrbgu9kszqqjpbt1f1uteei4gq6tcxp8vytbackend

Krasnoyarskda Novruz bayramı qeyd olunub

image-768x150

Krasnoyarsk şəhərində A.N. Kuznetsov adına Əmək və Razılıq Sarayında 22 mart tarixində “Novruz bayramı” münasibətilə bayram tədbiri təşkil edilib.

Tədbir çərçivəsində Kolon zalında uşaqlar üçün interaktiv əyləncə zonası fəaliyyət göstərib. Burada akvaqrim ustaları uşaqları müxtəlif nağıl qəhrəmanlarına çevirib, həmçinin Novruz ənənələri və Krasnoyarsk diyarının tarixi ilə bağlı viktorina keçirilib. Sualları düzgün cavablandıran fəal iştirakçılar mükafatlandırılıb.

Bayramın rəsmi açılış mərasimində Krasnoyarsk diyarı Regional Azərbaycan milli-mədəni muxtariyyətinin sədr müavini Azər Mustafayev çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.

Azər Mustafayev, həmçinin, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri Teleh Mahmudovun adından da bayram təbriklərini çatdıraraq, hər kəsə cansağlığı, firavanlıq və bahar əhval-ruhiyyəsi arzulayıb.

O qeyd edib ki, Novruz əsrlərdən bəri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ənənələrini özündə yaşadan ən əziz bayramlardan biridir. Azər Mustafayev vurğulayıb ki, bu bayram yalnız baharın gəlişini deyil, eyni zamanda yenilənməni, ümid və xoş niyyətləri simvolizə edir.

 Krasnoyarsk diyarı qubernatorunun ictimai əlaqələr idarəsinin rəis müavini Soslan Tadtayev və Əmək və Razılıq Sarayının baş direktor müavini İrina Nazarova da çıxış edərək iştirakçıları təbrik ediblər.

Proqramın əsas hissəsini “Novruz: Ənənələrin yenidən başlanğıcı” adlı interaktiv tamaşa təşkil edib. Tamaşada Kosa və Keçəl obrazları gənc tamaşaçılarla birlikdə gələcəyə səyahət edərək “Alisa” adlı ağıllı səs köməkçisi ilə qarşılaşıblar.

Səhnə proqramı “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının, “Kedraşi” xalq rəqs ansamblının və “Veresk” vokal qrupunun çıxışları ilə davam edib.

Tədbir iştirakçıları üçün müxtəlif interaktiv oyunlar da təşkil olunub. Belə ki, qonaqlar “Yeməli/yeyilməz” oyununda Azərbaycan mətbəxinə aid yeməkləri müəyyənləşdirib, “Yumurta yığma” oyununda isə ənənəvi formada iştirak ediblər. Tədbir “Təkrarla görək” adlı flaşmobla yekunlaşıb.

Qeyd edək ki, bayram çərçivəsində sosial yönümlü təşəbbüs də həyata keçirilib. Furşet zonasında uşaq evinin sakinləri üçün Azərbaycan milli şirniyyatları və çay süfrəsi təşkil olunub, onlarla səmimi ünsiyyət qurulub.

 

   

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki