Minəvvər Vahabova: “Ana dilinə hörmət etmək, onu qoruyub, gələcək nəsillərə ötürmək vacibdir”
Müsahibimiz Minəvvər Vahabova ABŞ azərbaycanlı icmasının tanınmış üzvü, Azərbaycan–Amerika Qadın Cəmiyyətinin sədri, pedaqoq və jurnalistdir. 2007-ci ildən ABŞ-da yaşayır. Əsas fəaliyyət istiqaməti xaricdə ana dilimizin uşaqlara öyrədilməsi və təbliğ edilməsi olub.
– Ana dilinin gələcək nəsillərə ötürülməsi üçün ən vacib amil nədir?
– Uzun illər xaricdə, doğma Vətəndən uzaqda yaşayan, Azərbaycana, bayrağa, dilə xidmət edən bir filoloq kimi “Azərbaycan dili” mövzusu mənim üçün çox dəyərıidir. Xaricdə doğulub böyüyən nəsil Ana dilini unitmamalıdır. Bu birmənalıdır. Ancaq dilimizin gənc nəsillərə ötürülməsi yolları, fikrimcə, hələ də öz həllini tapmayıb. Hər bir xalqın mənsubluğunu sübut edən bir neçə atributdan biri, bəlkə də birincisi, onun dilidir. Ana dilinə hörmət etmək, onu qoruyub, gələcək nəsillərə ötürmək vacibdir.
Xarici ölkələrdə yaşayan uşaqlar və gənclər həmin ölkələrin dilini birmənalı şəkildə öyrənirlər, çünki məktəbəqədər müəssisələrdə, məktəblərdə, ali məktəblərdə həmin dildə təhsil alırlar. Burada əsas məqsəd ailədə Ana dilində danışmaq və dili ailədə yaşatmaqdır.
Uşaqların bilinqual böyüməsi həm onların özünə, həm də ailəsinə böyük fəxrdir. Bəzən biz buradakı amerikalılara deyəndə ki, biz dörd dildə danışırıq, onlar çox təəccüblənirlər.
– Ailə daxilində uşaqlarla ana dilində ünsiyyət qurmaq nə dərəcədə önəmlidir?
– Körpə yaşlarından uşağa neçə dil istəsən öyrətmək mümkündür. Bu dillərdən birinin Ana dilimiz olması çox yaxşı olar mənim fikrimcə.
– Siz öz ailənizdə və ya ətrafınızdakı azərbaycanlılar arasında ana dilinin qorunması üçün hansı ənənələr mövcuddur?
– Təvazökarlıqdan uzaq olsa da, mən öz ailəmdə həmişə Azərbaycan dilində danışıram, övladlarım 20 ildir Amerikada yaşasalar da Ana dilimizdə çox gözəl danışırlar. Hazırda üçüncü nəsildən olan nəvəm Aleya da hələ danışmasa da, mənim Azərbaycan dilimi başa düşür. Ətrafımızda olan Azərbaycan ailələri də həmçinin, dilimizi yaşadırlar.
Azərbaycan ailələri tez-tez toplaşmalı, müxtəlif tədbirlərə mütləq övladlarını gətirməli, ünsiyyət qurulmalıdır. Təəssüf ki, artıq demək olar ki, Ana dili məktəbləri fəaliyyət göstərmir, tədbirlərin sayı azalıb.
Mən 20 ildən artıqdır ki, ABŞ-da yaşayıram və Ana dilimizin, tariximizin, adət-ənənələrimizin qorunması yolunda bir çox layihələrə imza atmışam.
Həftəsonu Ana dili məktəbində Azərbaycan dili, ədəbiyyatı və tarixini tədris etmişəm, İnternet radioda Azərbaycan saatının aparıcısı olmuşam. Müxtəlif tədbirlərdə hər zaman ailələrə uşaqlarını da gətirməyi xahiş etmişəm ki, onlar da bizim cəmiyyətin həyatı ilə sıx təmasda olsunlar.
– Azərbaycan dilində kitab, film, musiqi və media resurslarının əlçatanlığı barədə nə düşünürsünüz?
– Təəssüf ki, yaşadığımız ölkədə Ana dilimizdə kitab, film və ya media resursları, nümunələri yox səviyyəsindədir.
Dilimiz çox yayılmış dillər sırasında deyil. Bəzi idarələrdə verilən məlumatların bir neçə dildə tərcümələri olduğunu deyəndə, istər-istəməz o siyahıya baxdıqda insan məyus olur. Əsas rus, türk və digər dillərdən tərcümələr olur. Hərdən hətta erməni dilinə də rast gəlinir. Azərbaycan dili isə bu siyahılarda yoxdur.
Hospital, immiqrasıya məsələlərində tərcüməçi axtatan həmvətənlərimiz Azərbaycan dilində tərcüməçi tapa bilmirlər və məcbur olurlar Rus və Türk dilli tərcüməçilərin xidmətindən istifadə etsinlər.
– Sizcə, qloballaşma və assimilyasiya Azərbaycan dilinin istifadəsinə necə təsir göstərir?
– Xarici ölkələrdə yaşayan ailələr ən çox yaşadıqları ölkələrin dilini öyrənməyə, assimilyasiya olmağa can atırlar. Bu doğru addımdır, ancaq bu bizim dilimizin, mədəniyyətimizin unudulmasına gətirib çıxarmamalıdır.
Mən elə ailələr tanıyıram ki, valideynlərdən biri amerikalı olduğuna baxmayaraq uşaqlar Azərbaycan dilini bilirlər. Bu da valideynin sayəsində baş verir.
– Xaricdə uşaqların ana dilinə marağını artırmaq üçün hansı üsullardan istifadə effekt verə bilər?
– Düşünürəm ki, hər şəhərdə azı bir Ana dili məktəbi, ya kursları olmalı, icma üzvləri tez-tez görüşlər, tədbirlər keçirməli, dilimizə həsr olunan müxtəlif yaş qruplarını əhatə edən şeir, inşa, mahnı yarışı və müsabiqələri təşkil olunmalıdır.
Yazıçı, şair, musiqiçilərlə görüşlərin təşkili dilimizin inkişafına dəstək verən amillərdir. Zənnimcə ilk növbədə valideynlər çalışmalıdırlar ki, uşaqlar ana dilimizi unutmasınlar.
Biz bir neçə il öncə “Mən Azərbaycani necə tanıyıram?” adlı inşa müsabiqəsi təşkil etmişdik. Müsabiqədə bütün ölkələrdə yaşayan 10-16 yaş arası uşaqlar iştirak etmişdilər. Gözəl nəticə əldə etdik. Birinci 3 yeri qazanan uşaqlara pul mükafatı verildi. Məncə, belə müsabiqələr mütəmadi olaraq təşkil olunmalıdır.
Cavid Şahverdiyev
Müsahibə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana dilini unutmuruq” layihəsi çərçivəsində hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.





























