İrlandiyada yaşayan soydaşımız Əşrəf Tağıyev Azərbaycan və İrlandiya arasında mədəni əlaqələrin inkişafına mühüm töhfələr verməyə davam edir. Onun təşəbbüsləri və aktiv ictimai fəaliyyəti nəticəsində İrlandiyada iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra mühüm mədəni və ictimai tədbirlər həyata keçirilmişdir.

Əşrəf Tağıyev Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyasının sədri, İrlandiyada fəaliyyət göstərən Ashraf & Anna Music School musiqi məktəbinin rəhbəri, “Golden Saxophone” Beynəlxalq Müsabiqəsinin prezidenti, eləcə də xaricdə Azərbaycan mədəniyyətinin təbliği ilə fəal məşğul olan ictimai xadimdir. Onun fəaliyyəti mədəni mübadilənin genişlənməsinə, xalqlar arasında əlaqələrin güclənməsinə və Azərbaycan incəsənətinin İrlandiyada tanıdılmasına xidmət edir.

Ən mühüm hadisələrdən biri Ashraf & Anna Music School musiqi məktəbinin İrlandiyada rəsmi açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və komitənin nümayəndə heyəti iştirak etmişdir. Həmçinin İrlandiya parlamentinin müstəqil deputatı Maykl Lori də tədbirin qonaqları sırasında olmuşdur. Bu, tədbirin həm yerli icma, həm də İrlandiyadakı Azərbaycan diasporu üçün yüksək əhəmiyyətini bir daha nümayiş etdirmişdir.

Məktəbin açılışından sonra Əşrəf Tağıyevin təşəbbüsü ilə İrlandiya tarixində ilk dəfə olaraq Diasporla İş üzrə Dövlət komitəsinin dəstəyilə Azərbaycan Respublikasının Müstəqillik Günü rəsmi şəkildə qeyd olunmuşdur. Dublin şəhərində keçirilən tədbir Azərbaycan diasporunun nümayəndələrini, diplomatları, ictimai xadimləri və Azərbaycanın dostlarını bir araya gətirmişdir.

Bayram tədbirinin qonaqları arasında İrlandiya–Azərbaycan Parlament Dostluq Qrupunun sədri Toni MakKormak, Azərbaycanın İrlandiyadakı fəxri konsulu və İrlandiyanın keçmiş hökumət naziri Terri Leyden, Azərbaycanın Böyük Britaniya və İrlandiyadakı səfirliyinin birinci katibi Eltay Aslanov, eləcə də Türkiyə Respublikasının İrlandiyadakı səfirliyinin ikinci katibi və konsulu Pınar Çətin yer almışdır.

Fuad Muradovun səfəri çərçivəsində Azərbaycan və İrlandiya arasında əməkdaşlığın inkişafına həsr olunmuş bir sıra rəsmi görüşlər keçirilmişdir. İrlandiyanın Xarici İşlər Nazirliyində xaricdə yaşayan irlandlarla iş üzrə departamentin direktoru Karl Qardner və Toni MakKormakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlər baş tutmuşdur. Görüşlərdə diasporların iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində rolu, mədəni və təhsil sahələrində əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi və humanitar əlaqələrin genişləndirilməsi müzakirə olunmuşdur.

Bu genişmiqyaslı layihədən — İrlandiyada Azərbaycan Respublikasının Müstəqillik Gününün təşkilindən sonra, Əşrəf Tağıyev “Hollywood on Stage” adlı konsert proqramını təşkil etmişdir. Layihə İrlandiyanın aparıcı konsert məkanlarında böyük uğurla nümayiş etdirilmişdir.
Konsert proqramında dünya şöhrətli kino musiqilərindən ibarət əsərlər təqdim olunmuşdur. Layihənin əsas iştirakçısı Əşrəf Tağıyevin həyat yoldaşı, tanınmış vokalçı və saksofon ifaçısı, beynəlxalq müsabiqələr laureatı, “Golden Saxophone” Beynəlxalq Müsabiqəsinin vitse-prezidenti və Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyasının direktoru Anna Stepanova olmuşdur.

Əşrəf Tağıyev isə konsertlərdə zərb alətləri üzrə ifaçı kimi çıxış edərək proqramlara xüsusi enerji və dinamika qatmışdır. Konsertlər İrlandiyanın aparıcı səhnələrində böyük uğurla keçmiş və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Layihə çərçivəsində növbəti mərhələdə eyni konsert proqramının Azərbaycanda — kino musiqisinə həsr olunmuş şəkildə həyata keçirilməsi planlaşdırılır. Bu, iki ölkə arasında mədəni mübadilənin inkişafında növbəti mühüm addım olacaqdır.

Tədbirlər silsiləsi 6 iyun tarixində İrlandiyada fəaliyyət göstərən Ashraf & Anna Music School musiqi məktəbinin şagirdlərinin qala-konserti ilə yekunlaşmışdır. Gənc musiqiçilər yüksək hazırlıq səviyyəsi, istedad və musiqiyə olan ciddi münasibətlərini nümayiş etdirmişlər.
Xüsusi təbriklər Royal Irish Academy of Music imtahanlarının birinci səviyyəsini ən yüksək nəticələrlə uğurla başa vuran Patrik Skocilas və İlya Novomlintsevə ünvanlanmışdır. Onların uğuru müəllimlər, valideynlər və məktəb üçün böyük qürur mənbəyi olmuşdur.

Qeyd olunmalıdır ki, həmin gün məktəbin təsisçisi və rəhbəri Əşrəf Tağıyevin doğum günü də qeyd edilmişdir. Şagirdlər, valideynlər və həmkarlar ona təbriklərini çatdıraraq, musiqi təhsilinin inkişafına, gənc istedadların dəstəklənməsinə və mədəni-maarifçilik fəaliyyətinə verdiyi böyük töhfəyə görə təşəkkür etmişlər.

Həyata keçirilən tədbirlər bir daha göstərir ki, Əşrəf Tağıyev kimi Azərbaycan diasporunun nümayəndələrinin fəaliyyəti sayəsində İrlandiya Azərbaycan və Avropa ölkələri arasında mədəni dialoqun mühüm platformalarından birinə çevrilir. Musiqi, təhsil və mədəni mübadilə vasitəsilə xalqlar arasında dostluq, qarşılıqlı anlaşma və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradılır.






























