image-2000x150
image-706237378_4335500703330742_2620982128888614109_nbackend

“Süni intellekt artıq elmi tədqiqatların ayrılmaz hissəsinə çevrilib”

image-768x150

Araz Dövlətov: “Gənclərə yaradılan hər bir imkan isə Azərbaycanın sabahına qoyulan ən dəyərli investisiyadır”

Müsahibimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Araz Dövlətovdur. Xatırladaq ki, Araz Dövlətov beynəlxalq əməkdaşlıq və gənclər siyasəti sahəsində uzunmüddətli təcrübəyə malikdir. Bir sıra beynəlxalq forum, konfrans və elmi tədbirlərdə iştirak edib. Beynəlxalq tərəfdaşlıqların inkişafı, gənc alim və tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində fəaliyyət göstərib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Müxtəlif beynəlxalq və yerli tədbirlərdə fəal iştirakına və fəaliyyətinə görə bir sıra sertifikat, diplom və təşəkkürnamələrlə təltif olunub.

– Müasir dövrdə elm artıq sərhəd tanımır. Dünyada əldə olunan böyük elmi nailiyyətlərin əksəriyyəti beynəlxalq əməkdaşlığın nəticəsidir. Azərbaycanlı gənclərin də bu prosesdə fəal iştirakı həm onların şəxsi inkişafına, həm də ölkəmizin elmi potensialının beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Biz istəyirik ki, gənclər yalnız ölkə daxilində deyil, dünya elmi mühitində də öz sözlərini deyə bilsinlər.

– Gənclər bu istiqamətdə ilk addımı necə ata bilərlər?

– İlk növbədə daim öyrənməyə açıq olmaq lazımdır. Xarici dilləri bilmək, beynəlxalq elmi xəbərləri izləmək, konfranslarda, seminarlarda və qrant proqramlarında iştirak etmək böyük əhəmiyyət daşıyır. Bu imkanlar yalnız yeni biliklər qazandırmır, həm də müxtəlif ölkələrdən olan alimlərlə əlaqələr qurmağa şərait yaradır.

– Beynəlxalq əməkdaşlıq Azərbaycan elminə nə qazandırır?

– Beynəlxalq əməkdaşlıq təcrübə mübadiləsi, birgə tədqiqatlar, yeni texnologiyalar və innovativ yanaşmaların öyrənilməsi üçün geniş imkanlar yaradır. Dünyanın müxtəlif elmi mərkəzləri ilə qurulan əlaqələr Azərbaycan alimlərinin beynəlxalq elmi layihələrdə və nəşrlərdə iştirakını artırır. Bu isə ölkəmizin elmi nüfuzunun güclənməsinə töhfə verir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda gənc alim və tədqiqatçıların inkişafı prioritet istiqamətlərdən biridir. Gənclər üçün beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, onların beynəlxalq konfranslarda, qrant proqramlarında və elmi layihələrdə iştirakının təşviqi istiqamətində ardıcıl işlər həyata keçirilir. Əsas məqsədimiz gənc alim və tədqiqatçıların öz elmi potensiallarını reallaşdırmalarına, beynəlxalq elmi mühitə inteqrasiyalarına və ölkəmizi beynəlxalq elmi platformalarda layiqincə təmsil etmələrinə dəstək olmaqdır.

– Süni intellekt elmdə hansı dəyişiklikləri yaradır?

– Süni intellekt artıq elmi tədqiqatların ayrılmaz hissəsinə çevrilib. O, məlumatların daha sürətli təhlilinə, mürəkkəb proseslərin modelləşdirilməsinə və yeni həll yollarının tapılmasına kömək edir. Lakin düşünürəm ki, süni intellekt alimi əvəz etmir. Əsas qərarları yenə də insan verir. Süni intellekt sadəcə alimlərin imkanlarını genişləndirən güclü bir vasitədir.

– Sizcə, bu gün gənc alimlərin qarşısında duran əsas çağırışlar hansılardır?

– Ən vacib məsələlərdən biri məlumatlılığın artırılmasıdır. Bir çox gənclər beynəlxalq proqramlar, qrantlar və konfranslar haqqında kifayət qədər məlumat əldə edə bilmirlər. Digər tərəfdən, mentorluq və təcrübə paylaşımı da böyük əhəmiyyət daşıyır. Təcrübəli alimlərin dəstəyi gənclərin inkişafına ciddi təsir göstərir.

– Gənclərə əsas tövsiyəniz nə olardı?

– Özünüzə inanmaqdan və inkişaf etməkdən heç vaxt vaz keçməyin. Böyük hədəflər qoyun, daim öyrənin, yeni biliklər əldə edin və beynəlxalq imkanlardan istifadə etməyə çalışın. İnanıram ki, ölkəmizdə çox istedadlı və potensiallı gənclər var. Onlara sadəcə düzgün istiqamət, motivasiya və dəstək lazımdır. Elm sərhəd tanımır və Azərbaycan gəncləri də öz bilikləri, zəhmətləri və innovativ ideyaları ilə dünya elminə mühüm töhfələr verə bilərlər. Elmə qoyulan hər bir sərmayə gələcəyə qoyulan sərmayədir. Gənclərə yaradılan hər bir imkan isə Azərbaycanın sabahına qoyulan ən dəyərli investisiyadır.

 

Fuad Hüseynzadə

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki