image-2000x150
image-22222backend

Türk dünyasının inteqrasiyasında mühüm addım

image-768x150

Prezident İlham Əliyev: “Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir”

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında münasibətlər tarixən dostluq, qarşılıqlı hörmət və ortaq mənəvi dəyərlər üzərində formalaşmışdır. Eyni mədəni köklərə, türk kimliyinə və ortaq tarixi irsə malik olan iki dövlət müstəqillik əldə etdikdən sonra siyasi, iqtisadi, humanitar və beynəlxalq əməkdaşlıq sahələrində əlaqələrin davamlı inkişafına xüsusi önəm vermişdir. Son illərdə bu münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çatmış, Türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından mühüm nümunəyə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri iki ölkə arasında münasibətlərin tarixində ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə keçirilən görüşdən sonra mətbuata verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin artıq ən yüksək səviyyəyə yüksəldiyini xüsusi vurğuladı. Dövlət başçısı bildirdi: Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.

Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.

Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir“. Bu fikirlər Azərbaycan və Qırğızıstan arasında münasibətlərin tarixi, mədəni kökləri olduğunu göstərir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Qırğızıstan bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyəcək, iqtisadi və ticarət əlaqələrini genişləndirəcək, regional təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək. Bu yanaşma hər iki dövlətin beynəlxalq hüququn prinsiplərinə sadiqliyini və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi önəmi əks etdirir.

Dövlət səfəri çərçivəsində Azərbaycan və Qırğızıstan arasında müxtəlif sahələri əhatə edən geniş sənədlər paketi imzalandı. Həmin sənədlər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, enerji, təhsil, elm, mədəniyyət və humanitar sahələr üzrə qarşılıqlı fəaliyyətin inkişafına xidmət edir. İmzalanmış sənədlər göstərir ki, tərəflər münasibətləri yalnız siyasi dialoqla məhdudlaşdırmır, əməkdaşlığın praktiki nəticələrə yönəlməsinə xüsusi diqqət yetirirlər. Yeni razılaşmalar iqtisadi layihələrin həyata keçirilməsi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, imzalanan sənədlər qarşılıqlı fəaliyyətin çox geniş spektrini əhatə edir və əldə edilmiş bütün razılaşmalar əvvəlki layihələr kimi uğurla icra olunacaq. Bu, iki ölkə rəhbərliyinin qarşılıqlı etimada əsaslanan əməkdaşlığa sadiqliyini nümayiş etdirir.

Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının gücləndirilməsində mühüm rol oynayırlar. Son illərdə Türk Dövlətləri Təşkilatının institusional inkişafı, ortaq layihələrin həyata keçirilməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar iki ölkənin əməkdaşlığını daha da möhkəmləndirib.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional nəqliyyat layihələri, xüsusilə Orta Dəhliz boyunca formalaşan yeni logistika imkanları Qırğızıstan üçün də mühüm iqtisadi perspektivlər açır. Bu marşrut Asiya ilə Avropanı birləşdirən ən mühüm ticarət yollarından birinə çevrilməkdədir və Qırğızıstanın beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir. Bununla yanaşı, enerji, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi də tərəflərin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib.

Dövlət səfərinin ən yaddaqalan hadisələrindən biri iki ölkə prezidentlərinin qarşılıqlı şəkildə ali dövlət mükafatları ilə təltif olunması oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının ən ali dövlət mükafatı olan 1-ci dərəcəli “Manas” ordeni ilə təltif edildi. Bu yüksək mükafat Prezident İlham Əliyevin Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafına, Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsinə və iki qardaş xalq arasında dostluq əlaqələrinin güclənməsinə verdiyi müstəsna töhfənin ifadəsidir.

“Manas” ordeni Qırğızıstanın dövlətçilik tarixində xüsusi yer tutur və ölkənin milli qəhrəmanı Manasın adını daşıyır. Bu orden yalnız dövlətlərarası münasibətlərin inkişafına xüsusi xidmət göstərən nüfuzlu şəxsiyyətlərə təqdim edilir. Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi onun beynəlxalq nüfuzunun, eləcə də Türk dünyasının birliyinə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin göstəricisidir.

Eyni zamanda, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif olundu. Bu orden Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və ölkələr arasında dostluq münasibətlərinin genişləndirilməsi istiqamətində mühüm xidmətləri olan dövlət xadimlərinə təqdim edilir. Sadır Japarovun bu yüksək mükafata layiq görülməsi onun Azərbaycan ilə münasibətlərin inkişafına verdiyi töhfənin, strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində göstərdiyi siyasi iradənin və Türk dünyasında əməkdaşlığın genişlənməsinə verdiyi dəstəyin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Bu qarşılıqlı təltiflər təkcə dövlət başçılarına göstərilən ehtiram deyil, həm də Azərbaycan ilə Qırğızıstan arasında dostluğun, etimadın və müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə təsdiqi kimi böyük siyasi və mənəvi məna daşıyır.

Bu gün Azərbaycan və Qırğızıstan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Hər iki dövlət regional və beynəlxalq layihələrdə fəal iştirak edir, nəqliyyat dəhlizlərinin inkişafına, iqtisadi inteqrasiyanın genişlənməsinə və Türk dünyasının vahid iqtisadi məkanının formalaşdırılmasına mühüm töhfələr verir. Müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi gələcəkdə qarşılıqlı investisiyaların artmasına, ticarət dövriyyəsinin genişlənməsinə, yeni sənaye və logistika layihələrinin həyata keçirilməsinə, elm, təhsil və yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşməsinə geniş imkanlar yaradacaq.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki