Bu barədə diaspornews.az saytına Kürd Media Mərkəzinin rəhbəri İbrahim Əliyev bildirib. Onun fikrincə, İraq Kürdüstan Regionunda artıq uzun illərdir Azərbaycan vətəndaşları yaşayır və orada Azərbaycan diasporunun formalaşdırılmaması başa düşülən deyil.

“Düşünürəm ki, həmvətənlərimiz Kürdüstanda aktiv olmalı, diaspor təşkilatında təmsil olunmalıdırlar. Azərbaycan konsulluğunun açılması artıq neçə ildir ki, gecikir. Belə bir vəziyyətdə orada fəaliyyət göstərəcək Azərbaycan diaspor təşkilatı orada yaşayan Azərbaycan vətəndaşlarına aid müəyyən məsələlərin Bağdada gedilmədən müzakirə və həll olunması üçün mühüm rol oynaya bilər.”
Konsulluğun açılmasının gecikməsi ilə bağlı sualımıza cavab verən İbrahim Əliyev bu məsələni belə izah etdi:
“Konsulluğun açılması məsələsi azı 10 ildir rəsmi Bakı və Ərbil arasında müzakirə olunan məsələdir. Təsisçisi olduğum Kürd Media Mərkəzinin əsas diqqət yetirdiyi mövzu Azərbaycan- İraq Kürdüstan Regionu münasibətləri olduğu üçün prosesi yaxından izləyirəm.
Gecikmə ilə bağlı bir neçə ay öncə İraq Parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü, Kürdüstan Demokrat Partiyasının nümayəndəsi Zirək Zəbari açıqlama vermişdi. Zəbari Azərbaycan, Ukrayna, Bəhreyn və Omanın Kürdüstanda konsulluq açması üçün mühüm mərhələlərin tamamlandığını, sadəcə Bağdadın müəyyən inzibati prosedurları həyata keçirmədiyini bildirmişdi.
Paradoks isə bundan ibarətdir ki, bir il öncə İraq Federativ Respublikasının Xarici işlər naziri Fuad Hüseyn Azərbaycanı Ərbildə konsulluq açmağa çağırmışdı. Bu onu göstərir ki, Bağdadda bölünmə var. Onların arasında gedən çəkişmələr də Azərbaycan konsulluğunun taleyinə kölgə salır.”

Onun fikrincə, İraq Kürdüstan Regionunda Azərbaycan diasporu Azərbaycan konsulluğunun açılmasına qədər öz diaspor təşkilatını təşkil etməlidir:
“Bu məsələdə çox gecikilib. Çünki 2000-ci illərin əvvəllərindən Azərbaycan vətəndaşları Kürdüstana işləməyə və ya yaşamağa gedirlər. Bir çox Azərbaycan şirkətləri ya orada da fəaliyyət göstərir, ya da ora ilə ticarət əlaqələri yaradır. Misal üçün, Azərbaycanın ən böyük şirkətlərindən olan “Azərsun” Holdinqin də İraq filialı məhz Kürdüstanın Ərbil şəhərində yerləşir. Təsəvvür edin orada nə qədər Azərbaycan vətəndaşları çalışırlar.
Əlavə olaraq kürdlərlə nikah nəticəsində uzun müddətdir orada yaşayan vətəndaşlarımız var. Onlar vətəndaşlıqları ilə bağlı mühüm məsələləri üçün Bağdaddakı Azərbaycan səfirliyinə getməyə məcbur olurlar. Bu da əlavə vaxt və büdcə itkisidir. Kürdüstanda Azərbaycan diaspor təşkilatı fəaliyyətə başlayarsa, o hüquqi və təşkilati yardım istiqamətində vasitəçi kimi müəyyən məsələləri asanlaşdıra bilər. Bu çox real görünür.”

İbrahim Əliyev bildirir ki, belə bir təşkilat yalnız texniki məsələlərə deyil, həm də dil və mədəniyyətin qorunub, təbliğ olunması üçün də lazımdır.
“Ötən ilin dekabr ayında Kürdüstana səfər etmişdim. Orada olanda düşündüm ki, niyə Ərbildə Azərbaycan dili kursu olmasın? Həm oranın vətəndaşları ilə nikahda olan Azərbaycan vətəndaşlarının övladları kürd dili ilə yanaşı olaraq bu dili qoruyar, həm Azərbaycana çalışmağa gələn və gəlmək istəyən kürdüstanlıların dil barəsində anlayışının olması ingilis dilinin vasitəçiliyini azaldar, həm orada yaşayan milli azlıqlardan biri olan türkmanların türk dilinə məruz qalmasının qarşısı alınar. Çünki türkmanların dili daha çox Azərbaycan dilinə yaxındır və Türkiyə məktəbləri orada türkmanlara onların dilinə və nitq ahənginə uzaq olan türk dilini tədris edir. Onsuz türk seriallarının, sosial şəbəkələrinin və türkcə kitabların təsiri çoxdur. Əminəm ki, orada təşkil olunacaq Azərbaycan dili kursu tələbləri, ehtiyacları ödəyəcək və tələbat olacaq.”

Müsahibimizin fikrincə, bu dil kursu müəyyən çoxfunksiyalı təşkilatın daxilində olmalıdır:
“Uzun müddətdir planlaşdırıram ki, Ərbildə Azərbaycan Evi açılsın. Bu ofisdə dil kursu başda olmaqla Azərbaycanın mədəniyyətini, tarixini, musiqisini təbliğ edən guşələr olsun. Orada demək olar ki, texniki məsələlər hazırdır. Geridə qalan xırda məsələləri həll etmək və icazələri almaq mənim üçün çətin iş deyil. Sadəcə problem maddiyyatla bağlıdır. Bununla bağlı da Azərbaycandan təkliflər olmalıdır. Hələ ki bu istiqamətdə maliyyələşmə ilə bağlı hansısa təklif almamışam.”
Azərbaycan-İraq Kürdüstan Regionu əlaqələrinin digər aspektlərinə də toxunan İbrahim Əliyev işçi axını ilə yanaşı, turist axını ilə bağlı da danışdı:
“Həm Azərbaycanda, həm Kürdüstanda çoxlu turistik yerlər var. 2019-cu ilə qədər də Bakı və Ərbil arasında birbaşa uçuşlar var idi. Sonra tələbatın olmaması əsas gətirildi və birbaşa reyslər ləğv edildi. Ötən il özüm Ərbilə İstanbul üzərindən uçdum. Hazırda Azərbaycandan gedən əksər turistlər bu reysdən istifadə edir. Bilet qalmadıqda isə alternativləri Ankara və ya Dubay üzərindən uçmaqdır.
Bakı və Ərbil arasında birbaşa reysə tələbatın azalmasının səbəbi isə Kürdüstanın Azərbaycan vətəndaşlarına viza tətbiq etməsidir. İraqın və Kürdüstanın, yəni Bağdad hökuməti ilə, Ərbil hökumətinin verdiyi vizalar ayrıdır və hər biri sadəcə öz vizasını tanıyır. Məsələn, Kürdüstan Türkiyə vətəndaşlarına vizasız rejim təqdim edir. Nəticədə Türkiyədən ora əhəmiyyətli dərəcədə turist axını var. Türkiyə vətəndaşları orada aktiv sahibkarlıqla da məşğul olurlar. Restoran və mağaza şəbəkələri açırlar. Türkiyə vətəndaşları həm də orada mühüm işçi qüvvəsidir.
Azərbaycan üçün də viza rejimi aradan qaldırılsa turizmin inkişafına böyük töhfə olar. Hazırda İraq Kürdüstan Regionuna gedən bir Azərbaycan vətəndaşı Kürdüstanın viza portalının saytında 100 manatdan çox viza rüsumu ödəməlidir. Bu da turizmin önündə dayanan ən böyük maneədir ki, bu maneəni aradan qaldırmaq yükü Ərbil hökumətinin üzərinə düşür.”





























