İkinci Dünya müharibəsi illərində Krasnodonda fəaliyyət göstərən antifaşist gizli müqavimət təşkilatı «Gənc Qvardiya»nın üzvlərindən biri olmuş azərbaycanlı Əli (Leonid) Dadaşev haqqında xüsusi veriliş hazırlanıb.
«İki adlı oğlan: Krasdon qəhrəmanı olmuş məktəbli Leonid Dadaşevin hekayəsi» adlı filmin rejissoru Rusiyada fəaliyyət göstərən Livetvaz (www.livetvaz.ru) internet telekanalının baş redaktoru Rafiq Əliyevdir. Filmin çəklişlərinə Samara Azərbaycanlıları Birliyi dəstək göstərib.

Filmdə cəmi 16 il ömür sürmüş, lakin göstərdiyi qəhrəmanlıqla tarixə düşmüş gəncin həyat və mübarizə yolu işıqlandırılır.
1926-cı ildə anadan olan Əli Dadaşev azərbaycanlı ailəsində böyüyüb. Ailəsi 1940-cı ildə Krasnodona köçdükdən sonra o, burada təhsilini davam etdirib. Riyaziyyata, tarixə, musiqiyə və rəssamlığa böyük maraq göstərən Leonid həm də dostları arasında səmimiyyəti və mehribanlığı ilə seçilib.
Böyük Vətən müharibəsi başlayanda o və dostları cəbhəyə getmək istəsələr də, yaşlarının az olması səbəbindən hərbi xidmətə qəbul edilməyiblər. Bununla belə, gənclər işğalçılara qarşı mübarizədən geri çəkilməyiblər.
1942-ci ilin oktyabrında Leonid Dadaşev «Gənc Qvardiya» gizli təşkilatının sıralarına qoşulub. O, təşkilatın fəaliyyətində fəal iştirak edərək antifaşist vərəqələrin hazırlanması və yayılmasına, hərbi əsirlərin azad edilməsinə, silahların toplanmasına kömək edib.
1942-ci il noyabrın 6-da Sergey Tyulenin, Stepan Safonov və Radiy Yurkinlə birlikdə Krasnodondakı 4 saylı məktəbin binasına qırmızı bayraq asan gənclərdən biri də Əli Dadaşev olub.
1943-cü il yanvarın 5-də alman işğalçıları tərəfindən həbs edilən gənc ağır işgəncələrə məruz qalıb. Lakin o, öz əqidəsindən dönməyib və silahdaşlarını satmayıb. Yanvarın 15-də 16 yaşlı Leonid Dadaşev güllələnib, nəşi 5 saylı şaxtanın şaxtasına atılıb.
Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra I dərəcəli Vətən müharibəsi ordeni və I dərəcəli «Vətən müharibəsi partizanı» medalı ilə təltif olunub.
Əli Dadaşevin həyat hekayəsi Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığın yalnız cəbhələrdə deyil, işğal altında olan ərazilərdə də özünü büruzə verdiyini göstərən nümunələrdəndir.

Hazırlanan veriliş gənc azərbaycanlı qəhrəmanın həyatını, milli mənsubiyyətini və faşizmə qarşı mübarizədə göstərdiyi fədakarlığı yenidən gündəmə gətirir.
Verilişi aşağıdakı linkdən izləmək olar: https://youtu.be/f7DBaz_bgaI





























