Faiq Qurbanov: “COP29-da iştirak etməklə maraqlı informasiyalar əldə etdim”
Hazırda Bakıda keçirilən COP29 beynəlxalq tədbirində xaricdə yaşayan soyadaşlarımız iştirak edirlər. Bu baxımdan tədbirə qatılan Rusiya və Azərbaycan Prezidentlərinə Dəstək təşkilatının sədr müavini Faiq Qurbanov öz təəssüratlarını “Diaspornews.az”a bölüşüb: “COP29 tədbiri Azərbaycanın iqlim dəyişikliklərinə dair qlobal dialoqda daha da irəliləməsi üçün əhəmiyyətli bir mərhələ oldu. Bu cür beynəlxalq tədbirlər, dünya miqyasında təbii resursların qorunması və iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində daha geniş müzakirələrə və konkret addımlar atılmasına səbəb olur.
Mən də COP29-da iştirak etməklə maraqlı informasiyalar əldə etdim. Azərbaycan beynəlxalq tədbirlər vasitəsilə tanınmaqdadır. Dünyanın Azərbaycana toplanması bizim üçün, Azərbaycan dövləti üçün çox böyük bir şansdır. Bununla dünya miqyasında iqlim dəyişikliyinin qarşısının alınması məsələsi gündəmə gəldi. Dünya bilməlidir ki, heç bir zaman dənizlərdə çirklənmə olmamalıdır, zibillər atılmamalıdır. Çirklənmənin yalnız dənizlərdə deyil, hər bir yerdə qarşısı alınmalıdır. Ümumiyyətlə, ekoloji məsələlərə daima diqqət yetirilməlidir”.
Faiq Qurbanov COP29-da gördüklərindən danışaraq burada Azərbaycan Respublikasında çox gözəl tikinti layihələrinin nümayiş etdirildiyini də vurğulayıb: “Bakı şəhəri, modern infrastrukturu və qonaqpərvərliyi ilə iştirakçılara həm də mədəniyyətini təqdim etdi. COP29-un Bakıda keçirilməsi, Azərbaycanın beynəlxalq aləmdə ətraf mühitlə bağlı daha aktiv bir mövqe tutmasını və iqlim siyasətindəki müsbət irəliləyişlərini göstərdi.
Tədbirdə elektrik enerjisi ilə bağlı müxtəlif layihələr, həmçinin gələcəkdə tikiləcək obyektlər barədə məlumatlar təqdim olundu. Azərbaycanın bu sahədəki naliyyətləri orada nümayiş etdirildikcə, təbii ki, mən də sevinc hissi keçirdim”.