image-2000x150
image-111backend

Azərbaycan idmanı dayanıqlı inkişaf yolunda

image-768x150

Prezident İlham Əliyev: “Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb”

Azərbaycanda idmanın inkişafı uzun illərdir ki, ardıcıl və məqsədyönlü dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən proqramlar və görülən işlər göstərir ki, idman təkcə fiziki sağlamlıq vasitəsi deyil, eyni zamanda ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, gənclərin vətənpərvər ruhda yetişdirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından strateji əhəmiyyət daşıyır.

Müstəqillik dövrünün ilk illərində Azərbaycanda idman infrastrukturu demək olar ki, mövcud deyildi. Bir çox bölgələrdə idman obyektlərinin olmaması gənclərin idmana cəlb olunmasını çətinləşdirirdi. Lakin dövlət səviyyəsində qəbul edilən qərarlar və icra olunan məqsədli proqramlar nəticəsində bu vəziyyət köklü şəkildə dəyişdi. Bu gün Azərbaycan idman infrastrukturu baxımından regionun və hətta bir çox Avropa ölkələrinin səviyyəsinə uyğun müasir sistemə malikdir. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların ümumiləşdirilməsi və bu sahəyə göstərilən ardıcıl dövlət qayğısının nəticələrinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, 2025-ci il Azərbaycan idmanı üçün rekord göstəricilərlə yadda qalıb və bu fakt ölkədə idmanın sistemli və davamlı inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, il ərzində Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2000-dən çox medal qazanıblar və bu medalların təqribən 600-dən çoxu qızıl medallardır. Bu göstəricilər təkcə statistik rəqəmlər deyil, həm də uzunmüddətli və məqsədyönlü siyasətin real nəticəsidir. Medalların sayının əvvəlki illərlə müqayisədə artması ölkədə idmanın kütləviləşməsi, infrastrukturun gücləndirilməsi, idmançıların peşəkar hazırlığı və onların beynəlxalq arenada rəqabətə davamlılığının artması ilə birbaşa bağlıdır.

Dövlət başçısının da vurğuladığı kimi, bu uğurlar təsadüfi deyil. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər ərzində regionlarda və paytaxtda müasir idman kompleksləri tikilmiş, idman federasiyalarının maddi-texniki bazası gücləndirilmiş, gənclərin idmana cəlb olunması üçün geniş imkanlar yaradılmışdır. Bu amillər idmançıların həm fiziki, həm də psixoloji baxımdan daha yaxşı hazırlaşmasına şərait yaradır.

Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də əldə olunan nailiyyətlərin ildən-ilə artmasının təbii proses kimi dəyərləndirilməsidir. Dövlət başçısı qeyd edib ki, idmanın inkişafına göstərilən diqqət və aparılan ardıcıl siyasət daha yaxşı nəticələrin əldə olunmasına gətirib çıxarır. Bu yanaşma göstərir ki, Azərbaycan dövləti idmanı yalnız qısamüddətli uğurlar üçün deyil, uzunmüddətli strategiya çərçivəsində inkişaf etdirir.

Beynəlxalq arenada qazanılan çoxsaylı medallar Azərbaycanın dünya idman ailəsində nüfuzunu daha da artırır. Azərbaycan idmançıları müxtəlif yarışlarda ölkəmizi layiqincə təmsil edərək dövlət bayrağımızı yüksəklərə qaldırır, himnimizi səsləndirirlər. Bu isə həm idmançılar üçün böyük qürur mənbəyi, həm də gənc nəsil üçün güclü motivasiya rolunu oynayır.

Son illərdə ölkənin bütün bölgələrində Olimpiya İdman komplekslərinin, idman zallarının, stadionların və digər müasir idman qurğularının tikintisi həyata keçirilmişdir. Bu obyektlər yalnız peşəkar idmançılar üçün deyil, həm də uşaqların, yeniyetmələrin və gənclərin idmanla məşğul olması üçün geniş imkanlar yaradır. Bölgələrdə yaradılan bu şərait idmanın kütləviləşməsinə, istedadlı idmançıların üzə çıxmasına və onların peşəkar səviyyədə hazırlanmasına mühüm töhfə verir. Xüsusilə qeyd edilməlidir ki, 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin tikintisinin başa çatdırılması bu sahədə növbəti mühüm mərhələ olmuşdur. Bu komplekslər ən müasir avadanlıqlarla təchiz olunaraq beynəlxalq standartlara cavab verir. Onların istifadəyə verilməsi ilə bölgələrdə Olimpiya İdman komplekslərinin ümumi sayı 46-ya çatmışdır ki, bu da Azərbaycanın regionlarda idmanın inkişafına verdiyi önəmin bariz göstəricisidir.

Bölgələrdə idman infrastrukturunun yaradılması sosial baxımdan da böyük əhəmiyyət kəsb edir. Gənclər asudə vaxtlarını sağlam və faydalı şəkildə keçirmək imkanı əldə edir, zərərli vərdişlərdən uzaq durur və cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşırlar. Eyni zamanda, bu komplekslər müxtəlif idman yarışlarının, turnirlərin və kütləvi tədbirlərin keçirilməsi üçün əlverişli platforma rolunu oynayır. Dövlət tərəfindən idmana göstərilən qayğı təkcə infrastrukturla məhdudlaşmır. İdman federasiyalarının fəaliyyəti dəstəklənir, idmançıların sosial müdafiəsi gücləndirilir, məşqçi heyətinin peşəkarlığının artırılması üçün proqramlar icra olunur. Bütün bu tədbirlər nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenada uğurla çıxış edir və ölkəmizin adını yüksəklərə qaldırırlar.

Azərbaycanda idmanın inkişafı təsadüfi proses deyil, düşünülmüş və ardıcıl dövlət siyasətinin nəticəsidir. Sıfırdan qurulan və bu gün ən yüksək səviyyəyə çatan idman infrastrukturu, bölgələrdə yaradılan geniş imkanlar və icra olunan proqramlar göstərir ki, Azərbaycan idmanı dayanıqlı inkişaf yolundadır. Bu möhkəm təməl gələcəkdə daha böyük qələbələrin, yeni rekordların və beynəlxalq uğurların əldə olunacağına əminlik yaradır. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların dərin təhlili və gələcək inkişaf üçün möhkəm əsasların mövcudluğunun göstəricisidir. Qazanılan rekord sayda medallar, artan beynəlxalq uğurlar və dövlətin ardıcıl dəstəyi onu deməyə əsas verir ki, Azərbaycan idmanı qarşıdakı illərdə də yeni zirvələr fəth edəcək və ölkəmizin adını dünyada daha da ucaldacaq.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki