image-2000x150
image-17170026425008410333_1200x630backend

Azərbaycanın Müstəqillik Günü Küveytdə də qeyd olunub

image-768x150

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə rəsmi qəbul təşkil edib. Rəsmi qəbulda əsas qonaq qismində Küveyt Dövlətinin xarici işlər nazirinin müavini Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah iştirak edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Küveyt Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə səfir Emil Kərimov çıxış edib. O, çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlərə nəzər salıb. Diqqətə çatdırılıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa edib.

Səfir çıxışında, həmçinin Azərbaycanda dövlət müstəqilliyinin bərpasının ilk illərinin çətin olduğunu deyib, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını vurğulayıb.

Diplomat 2024-cü ilin Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf etdiyini bildirib, bu münasibətlərin əsasının 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezidenti İlham Əliyevin 2009-cu ildə Küveytə rəsmi səfərindən sonra bu münasibətlərdə yeni mərhələnin başlandığını qeyd edib.

“Ötən il Azərbaycana 30 min nəfərdən artıq küveytli turist gəlmişdir və biz çox fəxr edirik ki, küveytlilər Azərbaycana səfər etməyi sevirlər”, – deyən səfir əlavə edib ki, bu gün ölkələrimiz arasında “Azərbaycan Hava Yolları” (AZAL), “Kuwait Airways” və “Jazeera Airways” vasitəsilə birbaşa uçuşlar həyata keçirilir.

Səfir çıxışının sonunda vurğulayıb ki, Azərbaycan öz ordusunun gücü və qəhrəmanlığı sayəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini 30 illik işğaldan azad etmiş qalib dövlətdir, eyni zamanda, Qafqaz regionunda lider ölkədir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir.

Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah səfir Emil Kərimovla təkbətək söhbəti əsnasında 28 May – Müstəqillik Günü və Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etməsini arzulayıb.

Azərbaycan səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə konsert təşkil edib. Tədbirdə tarzən Humay Qədimovanın rəhbərlik etdiyi trio konsert proqramı ilə çıxış edib.

Bununla yanaşı, tədbirdə Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar xüsusi guşə hazırlanıb və şəhərin tanınmış məkanlarına aid stend quraşdırılıb. Səfirliyin dəstəyi ilə çap edilmiş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” kitabı iştirakçılara təqdim edilib.

Həmçinin bu il ölkəmizdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edildiyi nəzərə alınaraq fotostend yaradılıb.

Bu il ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcəyini nəzərə alaraq tədbirin keçirildiyi zalda quraşdırılmış böyük ekranlarda COP-29-un loqosu və bununla bağlı videogörüntülər nümayiş etdirilib.

Tədbir çərçivəsində AZAL və “Jazeera Airways” ölkəmizi ziyarət etmək istəyən sərnişinlər üçün uçuş fürsəti yaradaraq onlara Küveyt-Bakı-Küveyt istiqaməti üzrə aviabiletlər təqdim ediblər. Uduşu Türkiyə Respublikasının Küveyt Dövlətindəki səfirliyinin və Küveytin “əl-Sabah” televiziya kanalının əməkdaşları qazanıblar.

Sonda tədbir iştirakçılarına ziyafət verilib, Azərbaycan milli şirniyyatları və çayı təqdim olunub.

image-1717002642176861689_1200x630 image-17170026423885655072_1200x630 image-17170026424270740077_1200x630 image-17170026424724531359_1200x630

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki